Eldar Mahmudova “İŞİD-ə qoşulanlardan rüşvət alırdılar” ittihamı

Eldar Mahmudova “İŞİD-ə qoşulanlardan rüşvət alırdılar” ittihamı Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Bu barədə açıqlama verən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev onlardan 85 nəfərin hazırda həbsdə olduğunu deyib: “195 nəfər isə vətəndaşlıqdan çıxarılıb”.

DTX rəisi bildirib ki, müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıb, onlara qoşulublar. General-leytenantın sözlərinə görə, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

Ötən həftə məlum oldu ki, Bağdaddakı sığınacaqlardan birində 2-3 yaşlı Abdulla və Xədicə adlı bacı-qardaş məskunlaşıb. Onları RT telekanalının əməkdaşları tapıblar və videoya çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən Bağdada aparıblar. Sonra məlum olub ki, Abdulla və Xədicə İraq sığınacaqlarında olan yeganə azərbaycanlı uşaqlar deyil. İraq ərazisində Azərbaycandan olan İŞİD yaraqlılarının xeyli sayda uşaqları və qadınlar var. Hazırda azərbaycanlı diplomatlar qısa müddətdə həmin qadın və uşaqların Azərbaycana qaytarılması üzərində işləyirlər.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, Mədət Quliyevin açıqladığı rəqəmlər dəqiqdir:

“Bu cür informasiyalar daha çox xüsusi xidmət orqanının rəhbərinə və ölkə başçısına məlum olur”.

İlham İsmayıl deyir ki, azərbaycanlıların İŞID-ə qoşulma prosesi 2011-12-ci illəri əhatə edib: “İlkin dövrdə vəziyyət fərqli idi - şiə, sünni məzhəbinə baxmadan guya İslam dəyərlərini qorumaq iddiası ilə Suriyaya və İraqa axışırdılar. Yəni proses ”ərəb baharı"ndan sonra start götürdü".

İ.İsmayıl çox maraqlı bir məqama da toxunub: “İkinci amil odur ki, o dövrdə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu məsələ ilə ciddi məşğul olmurdu. Əksinə, ora gedənlərdən rüşvət alıb adlarını gizlədirdilər. Ona görə Azərbaycan kimi ölkədən 900 nəfərin İŞID-ə qoşulması çox böyük rəqəmdir. Uzun müddət bu proses ləğv olunmuş MTN-in nəzarətindən kənar olub. Əksəriyyət Azərbaycanın şimal rayonlarında və Sumqayıtda radikal dindarların güclü şəbəkəsinin olduğunu bilirdi, onların hətta avtobusla Suriyaya adam göndərdikləri də məlum idi. Ölənlərin sayının 300 nəfər olduğu da şübhə doğurmur, çünki Azərbaycan tərəfi Türkiyə hökuməti ilə bu məsələdə informasiya əməkdaşlığı edir. Amma 900 nəfərin içində ailəli olanları da nəzərə almaq vacibdir, həmin qadınların terror aksiyalarında iştirak etməsi müəyyənləşməsə belə. Təbii ki, onların filtrasiyadan keçməsi lazımdır”.

İ.İsmayıl qeyd edib ki, İŞID-in məğlubiyyətindən sonra həmin ölkələrə gedən azərbaycanlıların hamısı olmasa da, geri qayıdanları olacaq.

Sabiq təhlükəsizli zabiti bir məqama da diqqət çəkib: “DTX nümayəndəsinin həmin ölkələrdə olması, əməliyyat şəraitinə nəzarət edildiyini ortaya qoyur”.

Qeyd edək ki, hazırda bir çox dünya ölkələri məhz Yaxın Şərqdəki qanlı müharibəyə qoşulan vətəndaşlarla bağlı ciddi narahatlığını ortaya qoyub. Avropa ölkələri isə Türkiyə ilə birlikdə radikal terror qruplarına qoşulan vətəndaşların müəyyən edilməsi ilə bağlı şəbəkə yaradıb. Təhlükəsizlik və kəşfiyyat qurumlarının koordinasiyası ilə qurulan bu şəbəkə terrorçu qruplara qoşulan şəxslərin müəyyən olunması və onlarla bağlı məlumat bankının hazırlanmasını təmin edir.

Sabiq təhlükəsizlik zabiti, ekspert Arzu Nağıyev də DTX rəisinin açıqladığı rəqəmlərin dəqiq olması qənaətindədir: “DTX rəisi dedi ki, İŞİD-in tərkibində 900 nəfərə qədər vətəndaşımız var. Əvvəllər onların qarşısının alınmasında problemlər olsa da, artıq uğurlu addımlar da var. Maarifləndirmə işi geniş şəkildə aparılır, sosial şəbəkələrə də müəyyən nəzarət var. Həmin şəxslərin cəlbetməsinin necə baş tutması da aydınlaşdırılıb, qarşısı alınır. Profilaktik tədbirlər, bütün istiqamətlərdə daimi və planlı şəkildə aparılır”.

A.Nağıyev bildirib ki, Azərbaycan qonşu dövlətlərlə birgə radikal dini qruplaşmalara qarşı mübarizə aparır: “Bu ilin iyununda Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında ”Sərhəd-sipər" əməliyyatları aparıldı. Genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal rayonlarında keçirildi. Əməliyyatlar Rusiya ilə Azərbaycan arasında qəbul olunmuş razılaşmaya əsasən aparıldı. Tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır. Rusiya-Azərbaycan sərhədində hər zaman İŞİD-ə biət edən qruplaşmalar olub. Baş tutan tədbirlər də həmin qruplaşmaların qarşısını almağa yönəlmişdi. Bu gün bütün dünya İŞİD-ə qarşı birləşib. Müvafiq ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir".

musavat.com
Geri qayıt