“Samir Şərifov kimdir-təxribatçı, savadsız, yoxsa hər ikisi?”

“Samir Şərifov kimdir-təxribatçı, savadsız, yoxsa hər ikisi?” Son vaxtlar ABB-nin keçmiş sədri Cahangir Hacıyevin “əməlləri” barədə mətbu orqanlarda geniş yazılar dərc olunur. Sabiq bankirin milyardlarla dolları mənimsədiyi, Azərbaycana ən azı Birinci Qarabağ savaşı qədər zərər vurduğu vurğulanır.

Bəs, görəsən, Cahangir Hacıyevin özü bu barədə nə düşünür?
Hələ məhkəməsi gedərkən sabiq bankirə gördərdiyim məktuba aldığım yazılı cavablar həm də suala aydınlıq gətirir. Vaxt azlığından günü-günə satdığım üçün indiyə qədər dərc etmədiyim yazılı müsahibəni oxucuların müzakirəsinə təqdim edirik:
“Bəli, ABB tərəfindən bir sıra xarici layihələr maliyyələşdirilib”
-Son iki ildə Azərbaycanın bank sistemi silkələnir və bu vəziyyət indi də davam etməkdədir. İndiyə qədər 11 bank bağlanıb, daha bir qrup banklarda vəziyyət o həddə çatıb. ABB ətrafındakı qalmaqallarda, iqtisadiyyatda gedən proseslərdə bank sistemi günahlandırılır. Bu fikirlə razısınızmı və bunun səbəbləri barədə nə deyə bilərsiniz?
-Bilirsinizmi, iqtisadiyyatın öz qanunları var. Ölkənin bankları onun iqtisadiyyatının qan-damar sistemi və eyni zamanda güzgüsüdür. Hazırda sözügedən sistem pozulub. Bunun isə iki başlıca səbəbi var. Birincisi, qeyri-peşəkar, dayanıqlı bank sistemi hazırlamadan, onun kapitalını artırmadan, tələm-tələsik və MDB ölkələri arasında ən yüksək devalvasiyanın həyata keçirilməsidir. İkincisi, bank sisteminə hüquq mühafizə orqanları tərəfindən heç bir ölkədə misli görünməmiş şəkildə edilən müdaxilələrdir. Bu gün hüquq mühafizə orqanları kollektor funksiyasını aparmaqla kreditləri qaytarmaq adı ilə, demək olar ki, bank sistemini idarə edirlər. Halbuki, bütün sivil ölkələrdə bu funskiyalar, yəni təsərrüfat subyektləri ilə mübahisələr borc tələblərinin girova və şəxsi əmlaka yönəldilməsi və s. kimi tədbirlərlə yalnız məhkəmələrdə həll olunur.
Minlərlə iş adamına, banklara borcları olanlara, onların ailə üzvlərinə ölkəni tərk etmək qadağası qoyulub. Tədricxanalar və cəzaçəkmə müəssisələri iş adamları ilə doludur. İnanın ki, mən özüm bunun şahidiyəm: kiminsə biznesini əlindən almaq adi bir işə çevrilib. Artıq bunun bazası formalaşıb. Bu statistika təkcə CM-dəki dələduzluq, mənimsəmə maddələriylə açıqlan cinayət işlərindən də ibarət deyil. İş adamlarının boynuna narkotik, silah maddələri belə, “yüklənir”. Bir çoxunu da “məsələlər həll olunana qədər” məhkəmə qərarı olmadan həbsdə saxlayırlar. Məhz buna görə də Avropa Şurasının sifarişilə Lozanna Universiteti tərəfindən keçirilən tədqiqatların statistikasına əsasən, 46 Avropa dövləti arasında yüz min əhaliyə düşən 246 nəfər məhbusla Azərbaycan üçüncü yerdədir. Halbuki, orta rəqəm 131 nəfər təşkil edir.
Bütün bunlar iqtisadiyyatın qan-damar sistemi olan bankları iflas vəziyyətinə gətirən amillərdir. Bank sistemi yalnız bu reallığı bir güzgü kimi əks etdirir və iqtisadiyyatın ən həssas sektoru kimi zərbələrə birinci növbədə məruz qalır. Halbuki, ümummilli lider Heydər Əliyevin biznesə və banklara hüquq mühafizə orqanları tərəfindən müdaxilələrə qadağa qoyan müvafiq fərmanları var və onlar hələ ləğv olunmayıb, qüvvədədir. Bank sektoru iqtisadi qanunlarla idarə olunmalıdır, hüquq mühafizə orqanlarının müdaxiləsi, iş adamlarına qarşı tətbiq edilən həbs qətimkan tədbirləri, azadlıqdan məhrumetmə qərarları iqtisadiyyata, o cümlədən bank sektoruna ağır zərbələr vurur. Məhz buna görə də inkişaf etmiş ölkələrdə iqtisadi fəaliyyətlə bağlı problemlərə həssaslıqla yanaşılır və iş adamlarının həbsi tətbiq olunmur. Təqsirləndirilən şəxsin cəzası yalnız məhkəmələr tərəfindən müəyyənləşdirilir. Bizdə isə əvvəl həbs edir, sonra araşdırmalara başlayırlar.

Məsələn, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə əsasən, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən maddi zərər ödənilərsə, işin icraatına xitam verilir. Bizdə isə maddi zərər məhkəmə zamanı ödənildiyi təqdirdə, şikayətçi olmasa belə, təqsirləndirilən şəxsin taleyi hakimlərin ixtiyarına buraxılır və onların gəlir mənbəyinə çevrilir. Ümumiyyətlə, bunu hüquqşünaslar yaxşı bilərlər; bizim Cinayət Məcəlləsi post-sovet məkanında ən çox dekriminalizasiyalara ehiyacı olan qanun aktıdır.

Bütün qeyd etdiklərim iş adamlarının üzləşdiyi bəlaların yalnız bir qismidir. Bank sistemi isə biznesi kreditləşdirərkən, iş adamları ilə birlikdə bu problemləri yaşayır. Odur ki, devalvasiya, dollar kreditləri, bahalaşma və s. problemlərin kökünü biznes sektorunu tənzimləyən dövlət orqanlarında və ən əvvəl, maliyyə-bank sisteminə təsir edən amillərdə axtarmaq lazımdır.

-Son zamanlar Azərbaycandan çıxarılan kapitalların qaytarılması barədə millət vəkilləri, iqtisadi ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir. Bu haqda nə deyə bilərsiniz?

-Mətbuatda gedən yazıları izləyirəm. Millət vəkilləri Yevda Abromov, Vahid Əhmədov aktual məsələlər qaldırırlar. Azərbaycandan çıxarılan milyardlarla dollarlıq vəsaitlə əlaqədar isə demək istərdim ki, bu məsələdə iki problemi bir-birindən fərqləndirmək lazımdır: ölkədənkənar investisiya qoyuluşları və çirkli pulların leqallaşdırılması.

Vaxtilə Maliyyə nazirinin sözçüsü olan bir internet resursu tərəfindən ABB-dən xaricə çıxarılmış və təyinatı bilinməyən milyardlar haqqında yalan yazılmışdı. Təəssüf ki, indiyə qədər tərəfimizdən bütün açıqlamalara baxmayaraq, bu yalan bəzən damğa kimi səsləndirilir. Bəli, ABB tərəfindən Rusiyada, Qazaxıstanda, BƏƏ və Avropa ölkələrində bir sıra sahələr üzrə layihələr maliyyələşdirilmişdir. Onlardan uğurlu olanları da, bazar konyukturasından asılı olaraq problemlərlə üzləşənləri də var. Həmin fəaliyyətlə Azərbaycanın digər qurumları – ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və özəl holdinqlər də məşğul olub. Bu da qloballaşma, dünya bazarına inteqrasiya, diverfikasiya çərçivəsində gedən prosesdir. Sözügedən layihələr kimin istəyindən asılı olmayaraq bəllidir və mövcuddur.

“Vergilər bir neçə il qabaqcadan yığılır”

Digər qəbildən olan pullar isə qanunsuz yolla əldə edilən və ölkədən çıxarılan vəsaitlərdir. Həmn vəsaitlərin ölkəyə qaytarılmasının isə iki yolu var: birincisi, inzibati, ikincisi isə, ölkə iqtisadiyyatında münbit şərait yaratmaq, təşviq yolu.

Başqa ölkələrin təcrübəsinə nəzər salsaq, birinci yol müddət baxımından uzun və az səmərəlidir. İkinci yol kapital amnistiyasıdır. Ötən ilin axırlarında Milli Məclisdə Vergi Amnistiyası haqqında Qanun qəbul olundu. Bunun nə qədər səmərəli olacağını bilmirəm, lakin ölkədə hər bir vergi ödəyicisi bilir ki, gələcəkdə bu və ya digər şirkətin fəaliyyət göstərib-göstərməyəcəyindən asılı olmayaraq, vergilər bir neçə il qabaqcadan yığılır ( cari ilin vergi planını doldurmaq üçün), vergi sanksiyalarına gəldikdə isə, o da bəllidir ki, sanksiyalar süni şəkildə şişirdilir və vergi ödəyicisi sanksiyaların 30%-ni ödəsə də, qalan, bağışlanan məbləğ reallığı əks etdirmir. Ən azı qonşu MDB ölkələrinin təcrübəsindən yararlanmaq lazımdır - Rusiyada, Gürcüstanda, Qazaxıstanda, səhv etmirəmsə, 2 dəfə kapital amnistisiyası verilib, çirkli yollarla əldə edilən kapitalın vergisi ödənilməklə gəlirləri laqallaşdırılıb və bank dövriyyəsinə buraxılıb. Bu da ölkə iqtisadiyyatına əlavə kapital axını gətirib və onu sürətləndirib.

Digər bir məsələ, yəni manatın devalvasiyasından əziyyət çəkmiş, banklarda depozitləri və valyuta kreditləri üzrə borcları olan əmanətçilərə kompensasiya, haqqında millət vəkili V.Əhmədov dəfələrlə məsələ qaldırmışdı. Əfsuslar olsun ki, Maliyyə naziri buna da qarşı çıxmış, qanunun qəbulunun qabağını almışdır. Halbuki, baş verən devalvasiyanın günahkarı banklar yox, Maliyyə naziridir. Yenə də MDB ölkələrinin təcrübəsinə nəzər salsaq, görərik ki, misal üçün, Qazaxıstanda devalvasiya gününə qədər banklarda 1 milyon təngə depoziti olan 1 milyon 700 min əmanətçinin zərərləri kompensasiya edilmişdir. Bu da ölkədəki əmanətçilərin 86%-i deməkdir. Oxşar qərar valyuta kreditləri haqqında da verilmişdir.

“Təxribat, savadsızlıq, yoxsa hər ikisi?”

-Maliyyə naziri bir müddət əvvəl mətbuatda 3 ölkəyə casusluqda, bank sistemində böhran yaratmaqda, “qara bazar”a valyuta axını təşkil etməkdə günahlandırılırdı. Siz də, deyəsən, məhkəmədə mətbuatın bu iddiasını səsləndirmişdiniz...

-Maliyyə nazirinin hansı ölkənin casusu olub-olmaması müvafiq orqanların araşdırma mövzusudur. SSRİ DTK-nin keçmiş əməkdaşının verdiyi müsahibəsində kankret faktlar, şirkət adları, bank əməliyyatları göstərilir. Yəqin ki, indiyə qədər bu faktları araşdırıb ictimaiyyətə açıqlama vermək olardı. İnternet və informasiya erasında belə araşdırmaları jurnalistlər də aparır. Nazirin peşəkar fəaliyyətinə nəzər salanda isə görürük ki, bəli, onun heç bir iqtisadi, maliyyə-bank təhsili yoxdur, AMB-da (Mərkəzi Bankda) işləyərkən yalnız bir layihənin müəllifi olmuşdur – banklararası ödəniş AZİPS sisteminin. Bu ödəniş sisteminə əsasən, ölkə daxilində manat ödənişləri, nədənsə, Beynəlxalq SWİFT sistemi üzərindən aparılırdı. SWIFT isə bəzi xarici mətbuatda səsləndirildiyi kimi, xarici kəşfiyyatın nəzarətindədir. Təsəvvürünüzə gətirin ki, Azərbaycan bank ödəyicilərinin məbləğindən asılı olmayaraq (hətta 10 manat belə), banka yatırdığı pullar xaricə gedib qayıdırdı. Və yalnız bankların etirazı nəticəsində milli təhlükəsizliyə zidd, banklara və ödəyicilərə daha bahalı, ümumiyyətlə absurd olan SWIFT-ə alternativ kimi xırda ödənişlər üçün XÖNKS adlanan sistem yaradıldı. O vaxtdan bütün ödənişlər məhz ikinci sistem üzərindən həyata keçirilir. Müəllifi Samir Şərifov olan birinci sistem isə istifadəsiz qalıb.
Maliyyə nazirinin Neft Fondundakı fəaliyyəti zamanı da xarici banklarla şübhəli əməliyyatlar apardığı barədə məlumatlar sızmışdı. Onun şübhəli əməlləri vaxtilə ölkə daxilində də qeyri-rəsmi araşdırma mövzusu olmuşdu. Maraqlıdır ki, yalnız Neft Fondunun yeni rəhbəri gəldikdən sonra Fond bu safədə səffaflıq üzrə beynəlxalq mükafata layiq görüldü.
Samir Şərifovun Maliyyə naziri kimi fəaliyyəti dövründə də Kapital Bankda “məharətlə” həyata keçirdiyi Əmanət Bankdakı əmanətlərin qaytarılması əməliyyatı, ABB-ni iflas vəziyyətinə salınması, ölkə rəhbərliyinə yalan rəqəmlər verməklə dövlətdən milyardlarla dollar vəsaitin sovrulması, “qara bazarın” bərpa olunmasındakı rolu, sığorta sektorunda inhisarçılığın yaranması və s. əməlləri geniş müzakirə edilib.
Hazırda belə, necə ola bilər ki, Azərbaycanın reytinqi (proqnozu neqativ) Ermənistanın reytinqindən pisdir. Axı, Azərbaycan iqtisadiyyatı kəmiyyət və keyfiyyət göstəriciləriylə Ermənistan iqtisadiyyatından qat-qat üstündür. Ölkənin suveren reytinqinə məhz Maliyyə Nazirliyi cavabdehdir. Bu, ən azı, beynəlxalq reytinq agentlikləriylə danışıqların qeyri-peşəkarlığına dəlalət edir.
Mən yalnız bu rəqəmlərə və faktlara istinad edərək soruşmaq istəyirəm: sizcə, Samir Şərifovun bu əməllərinin adı nədir: təxribat, savadsızlıq, yoxsa hər ikisi? Bu suallara özünüz cavab tapın.
-Mətbuatda keçmiş Maliyyə naziri Əvəz Ələkbərov da hələ o vaxtlar ABB-nin problemləri olması haqqında bəyantlar səsləndirib...
-Bilirsinizmi, gedənin dalınca dalınca danışmaq qanımızdadır. Hörmətli keçmiş nazir niyə o zaman və bu günə kimi həmin problemlər barədə susurdu. Onun bəhs etdiyi illər ABB-nin, demək olar ki, intibah dövrü idi. Aktivlərin, gəlirlərin, kapitalın artması, müştərilərin sayı, dünya bazarına çıxış, bir çox beynəlxalq təşkilatlara üzvlük, ABB Moskva filialının, Beynəlxalq Sığorta şirkətinin yaradılması (hansı ki, bu gün bağlanıb) hər il ölkənin ən yaxşı bankı seçilməsi və ümumiyyətlə, inkişaf tempi rəsmi hesabatlarda öz əksini tapmışdır. Bütün bunları da şəxsən Maliyyə naziri ABB-nin ümumi yığıncağının sədri, onun maüvini isə ABB Müşahidə Şurasının rəhbəri kimi təsdiq edirdilər. Odur ki, bu cür bəyanatlara özünüz qiymət verin.

-Amma bu ittihamlarla çıxış edən təkcə keçmiş və ya indiki nazirlər deyil. Milli Məclisdə 2016-cı ilin büdcəsinin icrası haqqında hökumətin hesabatı zamanı Baş nazir də ölkənin maliyyə-iqtisadi problemlərinin əsas baiskarı kimi ABB-nin keçmiş rəhbərliyinin əməllərini göstərmişdi. Bu barədə nə deyə bilərsiniz?
-Mən özümdən yaşlı adamlara ən azı iltifat və güzəştlə yaşanmaq üzərində tərbiyyə olunmuşam. 2015-ci ildə öz vəzifəmdən getmişəm, artıq 2 ildir heç bir fəaliyyətim yoxdur. Sözügedən hesabat isə 2017-ci ildə verilib. Yaşlı adamlar hərdən günləri, ayları, hətta illəri qarışdıra bilərlər.
O ki qaldı mənim fəaliyyətimə, işlədiyim dövrlərdə ABB investisiyaları ilə onlarla zavod və fabrik tikilib, minlərlə daimi iş yerləri yaradılıb. Hətta istintaqı aparan orqanlar belə, qeyri-neft sektorunun 60-70%-nin tərəfimizdən yaradıldığını etiraf etmişdilər. Bu illərdə Nazirlər Kabineti hansı müəssisənin yaradılması təşəbbüsüylə çıxış edib? Baxın, bu, böyük sualdır. Ona görə ki, iqtisadiyyatımız da Prezident Administrasiyasının və ölkə rəhbərliyinin sərancamları, proqramları ilə idarə edilir. Bir maraqlı faktın da şahidi olmuşam; ABB-nın keçmiş menecmenti haqqında ən çox mənfi bəyanat verənlər, nədənsə, məhz öz himayələrindəki bizneslərinə həmin bankdan külli miqdarda kredit xahiş edənlər və istədiklərini alanlardır.

(ardı var)

Müsahibəni aldı: Heydər Oğuz

Ovqat.com
Geri qayıt