Sabiq bələdiyyə sədri məhşər ayağında - Elman Salmanovun daha bir qanunsuzluğu

Sabiq bələdiyyə sədri məhşər ayağında - Elman Salmanovun daha bir qanunsuzluğu Binəqədi rayonunun keçmiş bələdiyyə sədri Elman Salmanovla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, bələdiyyə sədri kimi fəaliyyət göstərdiyi dönəmlərdə ciddi qanunsuzluqlara imza atan E.Salmanov, hətta digər vəzifə sahiblərinin də səlahiyyətini mənimsəyərək bir çox sənədlərə onların adından imza atıb. E.Salmanovun imzasınıə saxtalaşdırdığı bu cür şəxslərdən biri arxitektur olub: “Bələdiyyə sədri postunda çalışdığı dönəmdə minlərlə şəxsə sənədlər verən E.Salmanov bu sənədlərin bir çoxunun verilməsində ciddi qanun pozuntularına yol verib ki, bunlardan da biri imza saxtakarlığıdır. Belə ki, bələdiyyə balansında olan torpaqlarına şəxsi əmlakı kimi yanaşan və onları özünə sərf etdiyi şəxslərə özünə sərf etdiyi qiymətə satan E.Salmanov, bu alqı-satqını “daha çevik və problemsiz şəkildə” reallaşdırmaq üçün maraqlı üsula əl atıb. Keçmiş bələdiyyə sədri bu alqı-satqıların bir çoxunda bəzi vəzifəli şəxslərin adından imza atıb ki, imzası saxtalaşdırılan şəxslərdən biri də arxitektur olub. Hansı ki, bələdiyyə sədrinin öz yeri ilə yanaşı, həm də arxitekturun əvəzinə sənədlərə qol çəkməsi bir müddətdən sonra meydana çıxıb”.
Bir şikayətin yüzlərlə qanunsuzluğa tutduğu işıq
Mənbənin məlumatına görə, E.Salmanovun alqı-satqı prosesində yol verdiyi qanunsuzluqların hüquq müstəvisinə daşınması sıradan təsir bağışlayan bir olaydan sonra reallaşıb: “E.Salmanovun özbaşınalığından, qanunsuzluğundan təngə gələn vətəndaşlardan biri bələdiyyə sədrinin əməlləri ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib. Məhz bu müraciətin araşdırılması E.Salmanovla bağlı yeni-yeni faktların üzə çıxmasına səbəb olub. Məlum olub ki, E.Salmanovun qanunsuz əməllərindən əziyyət çəkən çoxlu sayda vətəndaş mövcuddur ki, onların heç biri pozulan hüquqlarını təmin etməkdə çətinlik çəkir. Bununla bağlı apardığımız araşdırma nəticəsində üzə çıxan gerçəkliklərdən biri də sabiq bələdiyyə sədrinin bəzi vəzifəli şəxslərin əvəzindən də sənədlərə imza atmasıdır. Hansı ki, sabiq bələdiyyə sədrinin vaxtiylə saxtlaşdırdığı imzalardan biri də arxitektura məxsusdur. Belə ki, E.Salmanov arxitekturun xəbəri olmadan onun adından çoxlu sayda sənədə imza atıb ki, bu da əlavə hüquqi məsuliyyət deməkdir”.
Keçmiş bələdiyyə sədrinin özü üçün tikdiyi “torba”
Bilgili qaynağın sözlərinə görə, vaxtiylə törətdiyi əməlləri sabiq bələdiyyə sədri üçün bu gün sözün həqiqi mənasında Çin səddindən də hündür maneəyə çevrilməkdədir: “E.Salmanovun Binəqədi bələdiyyəsinin sədri vəzifəsində çalışdığı dönəmdə yol verdiyi çoxlu sayda qanunsuzluqlar hazırda onun azadlığı üçün ciddi problemə çevrilməkdədir. Keçmiş bələdiyyə sədri ilə bağlı hüquq-mühafizə orqanlarında aparılan araşdırma bu əməllərdən bir çoxunu üzə çıxarıb ki, bu da E.Salmanovun aqibəti ilə bağlı yaxşı heç nə vəd etmir. Mediada sabiq bələdiyyə sədri ilə bağlı yeni informasiyaların meydana çıxması, onun adının sabiq MTN generalı Akif Çovdarovla bağlı məhkəmə prosesində halalnması və s. kimi olaylar E.Salmanovun durumunun kifayət qədər ciddi və mürəkkəb olduğunu göstərir. Bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz əməlləri ilə özünə “torba” tikən E.Salmanov, bu gün öz keçmişi qarşısında məğlub olmaqda, gələcəyini bu keçmişə qurban verməkdədir. Şübhəsiz, E.Salmanovla bağlı hansı qərarın verilməsi onunla bağlı hüquqi müstəvidə aparılan araşdırmaların başa çatmasından sonra məlum olacaq. Lakin “hər kəs öz əkdiyini biçər” məsəlini yada salsaq, indidəndemək olar ki, proseslər sabiq bələdiyyə sədrinin yaxın gələcəyi ilə bağlı optimist olmağa əsas vermir və mümkündür ki ,E.Salmanov bundan sonrakı sabahlarını həbsxana barmaqlıqları arasından salamlasın”.

cumhuriyyet.az
Geri qayıt