Siyəzən sakini yaxınına qeyri-adi baş daşı düzəltdirdi – VİDEO

Siyəzən sakini yaxınına qeyri-adi baş daşı düzəltdirdi – VİDEO Qəbirlərinin üzərinin düzəldilməsi zamanı dəbdəbəyə və israfa yol verilməsi ilə bağlı dəfələrlə xəbərlər təqdim etmişik. Ancaq bu dəfə bir Siyəzən sakininin öz yaxınına başdaşı qoydurarkən atdığı nümunəvi addıma diqqət çəkəcəyik. Bu rayonda bir nəfər vəfat edən yaxınının başdaşında şəkil qoydurmayıb və yalnız ölənin kimliyi ilə bağlı məlumatları qeyd etdirib. Qəbirüstü abidəni də olduqca sadə düzəltdirib. İlahiyyatçılar belə başdaşının islami qaydalara daha uyğun olduğunu deyirlər.
Başdaşının üzərində şəkil yoxdur və yalnız vəfat edən adamla bağlı məlumatlar yazılıb. Bir də ziyarətçilərdən Fatihə surəsinin oxunması istənir..
Məzarın üzərinin düzəldilməsində Siyəzən sakinlərindən biri bu şəkildə yenilik edib. Dəbdəbədən uzaq və dini qaydalara uyğun hazırlanan başdaşı görənlərin marağına səbəb olub.
İnsanların bir çoxu da qəbir daşlarının hazırlanmasında həddən artıq dəbdəbəyə və israfa yol verilməsinə qarşıdırlar.
İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, başdaşında yalnız vəfat edən adamın məlumatlarının qeyd olunması islami qaydalara daha çox uyğundur.
Onun sözlərinə görə, insanlar məzarı dəbdəbəli etməkdənsə həmin vəsaiti ehtiyacı olanlara versələr, daha faydalı iş görmüş olarlar.
Şəkilli başdaşlarının qoyulmasının geniş yayıldığı bir vaxtda Siyəzən sakininin bu addımını əslində cəsarətli təşəbbüs də adlandırmaq olar. Bu təşəbbüs geniş kütlələr tərəfindən də mənimsənilsə, qəbiristanlarda israfın azalmasına nail olmaq mümkün olar.
Geri qayıt