Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq
Azərbaycanda ilk dəfə olaraq qadınlara dəstək üçün gendir istiqrazlarının buraxılması planlaşdırılır.Bu Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2029-cu illər üzrə dövlət proqramında nəzərdə tutulub.
Proqrama əsasən qarşıdakı 2 ildə ayrıca olaraq qadınlar üçün maliyyə məhsullarının təqdim edilməsi və bu istiqamətdə bazar təhlilləri aparılması təşviqi ediləcək.
Proqramda bu məqamın yer alması təsadüfi deyil. Dünya Bankının Fintex (yeni maliyyə texnologiyaları) hesabatına əsasən, 2025-ci ildə dünyada 1,3 milyard yetkinlik yaşına çatmış şəxs formal maliyyə xidmətlərindən kənarda qalıb ki, bunun da əsas hissəsi qadınlar, yoxsul əhali, aşağı təhsil səviyyəsinə malik olan və ya kənd yerlərində yaşayan şəxslərdir.
İnkişaf etməkdə olan ölkələrdə isə bank sektorundan kənarda qalan əhalinin ümumi əhalidə payı daha yüksəkdir. Bunun səbəbi yoxsulluqla yanaşı, maliyyə xidmətlərinin xərc tələb etməsi, , nəqliyyat xərcləri və maliyyəyə çıxış üzrə şərtlərin əlverişsiz olmasıdır.
Buna görə də Maliyyə İnklüzivliyi proqramında digər sosial təbəqələrlə yanaşı, qadınlar üçün də ayrıca olaraq maliyyə alətlərinin nəzərdə tutulması planlaşdırılır.
Bu prosesin icrası Azərbaycan Mərkəzi Bankına həvalə edilib, amma prosesə Azərbaycan Banklar Assosiasiyası və Bakı Fondu Birjası da cəlb olunacaqlar. Sənədə əsasən, əvvəlcə qadınların ehtiyacı olan maliyyə məhsulları üzrə bazar təhlilləri aparılacaq. Eyni zamanda qadınlara aid maliyyə alətlərinin təşviqi üçün hüquqi baza nəzərdən keçiriləcək.
Nəticədə son hədəf olaraq azı 2 kredit təşkilatı tərəfindən qadın sahibkarlara yönəlmiş kredit məhsullarının təklif edilməsi nəzərdə tutulur. Eləcə də ən azı 1 gender istiqrazı tədavülə buraxılacaq.
Qeyd edək ki, gender istiqrazları anlayışı dünyada hələ yeni olsa da, sürətlə inkişaf edən alətdir. Onun buraxılmasının əsas məqsədi qadınların iqtisadi imkanlarını artıran layihələri maliyyələşdirməkdir.
Gender istiqrazı – emitent tərəfin, yəni dövlət, bank və ya şirkətin buraxdığı istiqrazdır, bunun digərlərindən fərqi ondadır ki, gendier istiqrazından cəlb olunan vəsait yalnız qadınların iqtisadi fəaliyyətini dəstəkləyən layihələrə sərf ediləcək. Məsələn, bu istiqrazın buraxılmasından əldəedilən vəsait hesabına qadın sahibkarlar üçün kreditlər ayrılacaq, qadınların rəhbərlik etdiyi KOB-lara dəstək veriləcək, qadın məşğulluğunu artıran layihələr və qadınların maliyyə xidmətlərinə çıxışını genişləndirən proqramlar həyata keçiriləcək.
Məsələ bundadır ki, ənənəvi olaraq (təkcə Azərbaycanda deyil, digər ölkələrdə də) qadın sahibkarların kredit alma ehtimalı kişilərdən aşağıdır, qadınların rəhbərlik etdiyi şirkətlər daha az investisiya cəlb edə bilir, qadınların əmək bazarında iştirakı aşağıdır, yəni işləyən qadınların sayı az olur. İstiqrazlar da bu sahəyə dəstək vermək üçün buraxılır.
İlk dəfə gender istiqrazları 2017-2018-ci illərdən sonra buraxılmağa başlayıb. Adətən belə alətləri bir neçə beynəlxalq qurum - International Finance Corporation (IFC) , Asiya İnkişaf Bankı və sair dəstəkləyir. Belə istiqrazlar Meksika, Hindistan, İndoneziya, Filippinlə yanaşı, qardaş Türkiyədə də buraxılıb.
Gender istiqrazlarından gələn vəsait hesabına qadın sahibkarlara, fermerlərə və startaplara kredit ayrılır.
Bununla yanaşı, qeyd edək ki, gender istiqrazlarının gəlirliliyi ənənəvi istiqrazlardan nisbətən aşağı olur. Səbəbi onların sosial məqsədli olmasıdır. Məsələn adi istiqrazların illik gəlirliyi 6%-dirsə, eyni şərtlərlə buraxılan gender istiqrazlarında gəlirlilik 5-5,5% ola bilər. Çünki bu istiqrazları alan investorların ilk məqsədiə gəlir əldə etmək deyil, qadınlara dəstək verməkdir.
