Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Bu gün uşaqların qarşılaşdığı təhlükə yalnız küçə və məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib.
Bu sözləri daxili işlər nazirinin müavini İsmət Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
O bildirib ki, kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən psixoloji təzyiq, zərərli kontent, şantaj, onlayn istismar və digər təhlükəli halların baş verməsi müşahidə olunur: "Bu baxımdan, müasir texnologiyaların yaratdığı çağırışlara uyğun olaraq maarifləndirmə və məlumatlılığın artırılması məqsədilə valideynlər və təhsil müəssisələri ilə birlikdə kompleks tədbirlər həyata keçirilir”.
İsmət Əliyev qeyd edib ki, uşaqların hüquqlarının qorunması yalnız bir qurumun fəaliyyəti ilə təmin edilmir: “Bu, dövlət orqanları, təhsil müəssisələri, ailələr və vətəndaş cəmiyyəti təşkilatları arasında koordinasiyalı əməkdaşlıq tələb edir. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət çərçivəsində müxtəlif tədbirlər təşkil edilir. Yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyaların, sosial işçilərin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və gənclər təşkilatlarının iştirakı ilə orta ümumtəhsil məktəblərində görüşlər keçirilir, ictimai maarifləndirmə tədbirləri təşkil olunur. Eyni zamanda uşaqların hüquq pozmalarının qarşısının alınması və təhsil müəssisələrində təhlükəsiz mühitin təmin edilməsi məqsədilə müvafiq monitorinqlər həyata keçirilir”.
