FHN ölkədə külli miqdarda pul çıxaran şirkətdən 1.2 milyon manatlıq təkər alır
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tenderə yekun vurub.Qurum nazirliyin balansında olan avtomobillər üçün təkər almağı qərarlaşdırıb.
Məlumatda qeyd edilir ki, “xüsusi vəzifəli daşıma vasitəsi üçün enerji bankları və hissələri”nin satınalnması prosesini nazirlik üçün “İNTERŞİN” MMC həyata keçirəcək. FHN bunun müqabilində şirkətə 1 milyon 222 min 604 manat pul ödəyəcək.
Tribuna.az “İnterşin” MMC ilə bağlı açıq mənbələr üzərindən bəzi araşdırmalar aparıb. Məlum olub ki, şirkətin adı heç də xoş olmayan məsələlərdə hallanıb. Məsələn, 2023-cü ildə gömrük qaydalarını pozduğuna görə, MMC cərimə edilib. Belə ki, “İnterşin” “mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi” maddəsi ilə inzibati qaydada cəzalandırılıb.
Amma bu şirkətin məhkəmə qaydasında yeganə cəza alması faktı deyil. Belə ki, ötən il “İnterşin” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılıb. Bu zaman İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub.
Vergi Xidmətinin rəsmi saytında “İNTERŞİN” MMC-nin 2004-cü ildə qeydiyyata alındığı, hüquqi ünvanının isə Sumqayıt şəhəri, mənzil 32, ev. Sülh küçəsi, “Qalatasaray” Ticarət Mərkəzi kimi göstərilir. Şirkətin nizamnamə kapitalı 40 manat, qanuni təmsilçisi isə Hikmət Balaqədim oğlu Qədimovdur.(Tribuna.az)
Tərəfləri dinləməyə hazırıq.
