“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
“Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin edəcək şərait yoxdur”.Yeniavaz.com xəbər verir ki, bunu, sosial media hesabında hərbi çağırışçıların tibbi müayinəsi zamanı üzləşdikləri çətinliklərdən yazan iqtisadçı Rövşən Ağayev bildirib.
O qeyd edib ki, müayinə üçün müraciət edənlərin sayının çox olması səbəbindən uzun növbələr yaranır və bəzi vətəndaşlar proseduru başa çatdırmaq üçün növbəti günə qalmağa məcbur olurlar:
“Deməli, hərbi çağırışçıların tibbi müayinəsinin birinci mərhələsində, təxminən bir ay əvvəl Beyləqan xəstəxanasında üzləşdiyimiz məşəqqətli və demək olar ki, bir gün davam edən prosedur barədə yazmışdım. Bu gün isə (3 iyun – red.) ikinci mərhələni “Respublika” xəstəxanası kimi tanınan tibb müəssisəsində keçməli olduq. Vəziyyət rayondakından da ağırdır. İxtisaslaşmış müayinə tələb edən bəzi xəstəliklərlə bağlı insanlar məhz buraya yönləndirilirlər. Təsəvvür edin ki, bütün ölkədən gələnlər burada toplaşıb, iynə atsan yerə düşməz. Bu gün növbə götürənlərin xeyli hissəsi sabaha qalmalı olur”.
Onun sözlərinə görə, ixtisaslaşmış tibbi müayinələrin regionlarda və ya regional mərkəzlərdə təşkil olunmaması vətəndaşların əlavə vaxt və xərc itirməsinə səbəb olur:
“Düşünün ki, ucqar rayondan gələn valideyn və övladının burada qalacağı dostu, tanışı və ya qohumu yoxdur, mehmanxanaya verməyə də pulu çatmır. Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azı regional səviyyədə çağırışçılar üçün ixtisaslaşmış müayinə aparacaq şərait yaradılmır? Əslində bu vəziyyət regionlarda səhiyyənin hansı durumda olduğunu göstərir”.
R. Aayev qeyd edib ki, narazılıq doğuran digər məsələlərdən biri də kompüter tomoqrafiyası (KT) müayinəsi üçün ödəniş tələb olunmasıdır:
“KT müayinəsindən keçmək üçün çağırışçılardan icbari tibbi sığorta tarifinin 20 faizi həcmində, təxminən 12 manat ödəniş tələb olunur. Hərbi çağırış məqsədli tibbi prosedurlar niyə tam şəkildə icbari tibbi sığorta hesabına qarşılanmır? Kimsə desə ki, pulum yoxdur, geri qayıtmalı və həmin vəsaiti haradansa tapmalıdır.
Ən pisi odur ki, sizdən ödənişi mütləq kartla etməyiniz tələb olunur. İlk baxışdan bunu şəffaflığa xidmət edən addım kimi qiymətləndirənlər ola bilər. Amma bu ödənişdən xəbərsiz şəkildə ucqar kənddən gələn bir şəxsin yanında bank kartı yoxdursa, nə etməlidir? Orada ona təklif edirlər ki, çölə çıxıb kartı olan bir nəfər tapsın, ona nağd pul versin, həmin şəxs isə vəsaiti onun əvəzinə köçürsün”.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlasaq da, cavab ala bilmədik.
Yeniavaz.com
