Bu gün Çingiz Mustafayevin ad günüdür

Bu gün Çingiz Mustafayevin ad günüdür Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin 57 yaşı tamam olur

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.

1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərləri, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajları ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşayacağına işarə idi. Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

aznews.az
Geri qayıt