“Adımızdan Prezidentə yalan şikayət olunub” — Zəhranın atası DANIŞDI

“Adımızdan Prezidentə yalan şikayət olunub” — Zəhranın atası DANIŞDI Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın atası Elnur Quliyev adından Azərbaycan Prezidentinə şikayət edilməsi məsələsinə aydınlıq gətirib.

E.Quliyev açıqlamasında bildirib ki, sözügedən müraciət onlardan xəbərsiz edilib:

“Bu yaxınlarda “Əsgər ailələrinə dəstək” İctimai Birliyinin üzvləri gəlib bizimlə görüşüb, söhbət ediblər. Görüşdən sonra isə həyat yoldaşım Nərminə Quliyevanın adından ölkə başçısına müraciət ünvanlanıb ki, guya biz Alxanlı kəndində yaşaya bilmirik, gedib şəhərdə yaşamaq istəyirik və sairə. Bütün bunlar doğru deyil. Həmin müraciətdən xəbərimiz yoxdur. Müraciət bizim adımızdan yazılıb və imza atılıb. Biz həmin müraciətə imza atmamışıq. Həmin müraciətdən sonra Füzuli rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev bizimlə görüşüb söhbət edib. Görüş zamanı da bildirdik ki, həmin müraciətdən xəbərsiz olmuşuq”.

Şəhid atası həyat şəraitlərindən razı olduğunu deyib:

“Biz dövlətimizdən, hökumətdən, icra başçımızdan və şəraitimizdən razıyıq. Dövlətimiz sağ olsun. Kənd həyatıdır, hamı necə yaşayırsa, biz də elə yaşayırıq. Müraciətin yazılmasından da xəbərim yoxdur. Hamısı yalandır. Bu gün də bunu aydınlaşdırmaq üçün ailəmlə bərabər İcra Hakimiyyətinə gəlmişik. Burada izahat da verdik ki, müraciətdən xəbərimiz yoxdur”.

Xatırladaq ki, bu il iyulun əvvəllərində Füzuli rayonunun Alxanlı kəndinin erməni işğalçı birləşmələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olan 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət olunub.

Yerli KİV-lərdə yayılan xəbərə görə, şikayətdə Zəhranın ölümündən sonra onun ailəsinə dövlət tərəfindən vəd olunan evin və digər imtiyazların verilməməsindən bəhs olunur.

İddia edilir ki, Füzuli rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Qənimət Əliyev Zəhranın atası Elnur Quliyevin savadsızlığından istifadə edərək həmin imtiyazlardan könüllü imtina etdiyi barədə ərizəyə qol çəkdirib.

“Ölkə.Az”
Geri qayıt