Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri
Azərbaycanın ilk Konstitusiyası kimi 1921-ci ildə Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı zamanı birinci Konstitusiyanı qəbul etdi. Lakin məlum məsələdir ki, bu Konstitusiya formal xarakter daşıyırdı. Sənəddə qeyd edilən geniş şəkildə verilmiş insan hüquqları və azadlıqları reallıqda öz əksini tapmadı. 1925-ci ildə yeni Konstitusya qəbul edildi. Bu Konstitusiya da ilk dəfə qəbul edilmiş Konstitusiya əsaslanırdı. Və 1978-ci ildə Azərbaycan SSR-nin sonuncu Konstitusiyası qəbul edildi. SSR dövründə qəbul edilmiş bu Konstitusiyalar mahiyyət etibarı ilə demək olar ki, bir-birini təkrar edirdi. Amma sonuncu Konstitusiya digərlərindən fərqli idi. Həmin dövrdə Azərbaycan SSR Ali Sovetində Ümummilli Lider Heydər Əliyev məruzə ilə çıxış etdi. Məruzədə Azərbaycan dilinin dövlət dili olması tələbini irəli sürdü və Konstitusiyada öz əksini tapdı. Bu, təşəbbüs Ulu Öndərin Azərbaycan dövlətçiliyinə və xalqımıza qarşı sadiqliyinin, bağlılığının sübutudur. Həmin dövrdə belə bir addım atmaq, tələb irəli sürmək və istədiyinə nail olmaq böyük cəsarət tələb edirdi. Azərbyacan SSR-nin son Konstitusiyası 1995-ci il Konstitusiyası qəbul edilənədək qüvvədə qaldı.
Ümummilli Lider Heydər Əliyevin səyləri ilə 1995-ci il Konstitusiyasının yaradılması üçün ciddi işlərə başlanıldı. Heydər Əliyevin rəhbərliyi altında komissiya təşkil edildi və referendum keçirildi. Referendum əsasında müstəqil tariximizdə ilk Konstitusiya qəbul edildi. Bu ölkəmiz üçün çox mühüm hadisə idi. Bununla Azərbaycan yenidən öz dövlətçilik ənənələrini bərpa etdi. Artıq hər hansı bir ölkənin qanunları əsasında deyil, öz qanunlarımız əsasında hər bir sahədə fəaliyyətimiz təşkil olunurdu. Azərbaycanın hazırda istifadə etdiyi Konstitusiya 12 fəsil, 5 bölmə və 158 maddədən ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyasının elə 1-ci maddəsində hakimiyyətin yeganə mənbəyinin xalq olduğu qeyd edilmişdir. Bu da hələ həmin dövrdə xalqımıza göstərilən diqqətin göstəricisidir. Yeni Konstitusiya demokratiklik, hüquqi və dünyəvilik prinsiplərinə əsaslanırdı. Burada vətəndaşların hüquq və azadlıqlarının, suverenliyimizin, müstəqilliyimizin qorunmasına xüsusi yer verilmişdi. Hər bir vətəndaş Konstitusiyada qeyd edilmiş qanunlara əməl etməli və hörmətlə yanaşmalıdır.
Azərbaycan Respublikasında yeni Konstitusiya qəbul edilərkən, beynəlxalq hüquq normaları, müqavilələr, Avropa Konvensiyası və bu kimi Azərbaycan dövlətinin tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tətbiq edilir. Eləcə də dini, irqi, milli, etnik mənsubiyyətinə, mədəniyyətinə, sosial vəziyyətində fərqə baxmayaraq bərabərlik prinsipi Konstitusiyamızda əsas maddə olaraq qeyd edilir və bu maddədən irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət edilir.
Konstitusiya qəbul olunduqdan sonra bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. 2002-ci ildə referendum yolu ilə dəyişikliklər, 2009-cu ildə və 2016-cı ildə əlavə və dəyişikliklər edilmişdır. Bu da zamanın tələbindən irəli gələn yeniliklərin, dünyamızda, ölkəmizdə yaranan dəyişiklilərin, islahatların vətəndaşlarımız üçün də əl çatan olması, dünyada tətbiq olunan insan hüquq və azadlıqlarının bizim vətəndaşlarımızın yararlanması üçün tətbiq edilən yeniliklərdəndir. Xüsusi qeyd etmək istərdim ki, burada insan hüquq və azadlıqlarının qorunmasına önəmli rol oynayır.
Azərbaycan vətəndaşlarının təhlükəsiz şəraitdə, firavan, azad, ədalətli cəmiyyətdə, suveren, demokratik, hüquqi dövlətdə, bərabərhüquqlu əsaslarla, heç bir ayrı - seçkiliyə əsaslanmayan, qanunla təsbit edilmiş şəkildə yaşamaq hüququ var.
Qalib xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30-cu ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Əsas Qanunumuzun qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alan Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarxili Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Sərəncamda bildirilir ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.
Azərbaycanın qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfəri və 2023-cü ilin sentyabr ayının 19-20-də 24 saatdan da az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların işğaldan azad edilmiş bütün torpaqlarımız da daxil olmaqla Azərbaycanın bütün ərazilərində tam şəkildə bərpası üçün real zəmin yarandı. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru
