Azərbaycan və Qazaxıstan qardaşlıq, strateji tərəfdaşlıq və ortaq inkişaf yolunda

Azərbaycan və Qazaxıstan qardaşlıq, strateji tərəfdaşlıq və ortaq inkişaf yolunda Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə xüsusi strateji və siyasi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə xidmət edir.
Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri intensiv xarakter alıb. Bu qarşılıqlı səfərlər nəticəsində ikitərəfli və çoxtərəfli formatlarda mühüm sənədlər imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Siyasi əlaqələrlə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni sahələrdə də münasibətlər daha da genişlənib.
Azərbaycanın xüsusilə sıx və tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri Qazaxıstandır. Azərbaycanın və Qazaxıstanın strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində uğurla inkişaf edir.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaq dəyərlər iki ölkənin münasibətlərinin əsasını təşkil edir. Bu dəyərlər əsrlər boyu formalaşıb, xalqlarımız arasında qarşılıqlı hörmətin və dostluğun möhkəmlənməsinə xidmət edib. Azərbaycan ilə Qazaxıstanı birləşdirən ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı bu əlaqələrin təbii və davamlı olmasını təmin edir. Hazırda Qazaxıstanda iki yüz minə yaxın azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində fəal çalışır, Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edərək iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verirlər.
Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir.
Ötən illər ərzində Azərbaycan və Qazaxıstan arasında təqribən 170 sənəddən ibarət mükəmməl hüquq-müqavilə bazası formalaşıb, siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb.
İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Mühüm mədəni-maarif müəssisəsinə çevrilmiş bu Mərkəzdə hazırda 100-ə yaxın uşaq təhsil alır.
Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal və səmərəli əməkdaşlıq edirlər. Hər iki ölkə beynəlxalq qurumlarda bir-birini daim dəstəkləyir. Azərbaycan və Qazaxıstan beynəlxalq arenada bir çox qlobal və regional məsələlərdə ortaq mövqedən çıxış edərək, həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də sülh və sabitliyin təmin olunmasına töhfə verirlər.
Oktyabrın 20-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya rəsmi dövlət səfərinə gəlib. Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Daha sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir.  Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında söyləyib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. "Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”, - deyə Qazaxıstan Lideri vurğulayıb.
Bütün bunlar sübut edir ki, ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də təhsil, mədəniyyət və humanitar sahələrdə də davamlı olaraq inkişaf edir. Bu əməkdaşlıq gənc nəsillərin yetişdirilməsinə, elm və təhsil əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Beləliklə, Azərbaycan və Qazaxıstan arasında münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq daha da dərinləşəcək və genişlənəcək, regionda sabitliyə və tərəqqiyə töhfə verəcək.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Geri qayıt