Bakıda Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilib
2025-ci il iyul ayında Bakıda Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə genişmiqyaslı və möhtəşəm tədbir təşkil olunub. Tədbir tanınmış media prodüseri, “Zümrüd M” Production-un təsisçisi Zümrüd Güləliqızının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Yubiley mərasimi ölkənin zəngin mətbuat ənənələrinin təbliği və jurnalist əməyinin qiymətləndirilməsi məqsədilə keçirilib. Tədbirdə respublikanın aparıcı media qurumlarının nümayəndələri, tanınmış jurnalistlər, televiziya və radio aparıcıları, sənət və ictimaiyyət xadimləri iştirak ediblər.
Tədbir çərçivəsində media sahəsində fəaliyyət göstərən bir sıra şəxslər “Zümrüd M” Production tərəfindən təsis olunmuş xüsusi mükafatlarla təltif olunublar. Tanınmış jurnalistlər və KİV nümayəndələri “Zərdabi irsi” nominasiyası üzrə diplom və mükafatlarla qiymətləndirilib. Bu mükafat, Azərbaycanın ilk milli qəzetinin banisi və maarifçi Həsən bəy Zərdabinin adını daşıyaraq, ölkədə söz və mətbuat azadlığının inkişafında mühüm rol oynamış şəxslərə verilib.
Bununla yanaşı, media ilə yaxından əməkdaşlıq edən digər peşə sahibləri – ictimaiyyət nümayəndələri, sənət adamları, sahibkarlar və digər sahələrin tanınmış simaları “Mətbuatın dostu” nominasiyası üzrə diplomlarla mükafatlandırılıb. Bu mükafat, informasiya cəmiyyətinin inkişafına töhfə verən və jurnalistlərlə sıx əməkdaşlıq edən şəxslərin fəaliyyətini təşviq etməyi hədəfləyir.
Tədbirin daha bir maraqlı və fərqli hissəsi isə iyul ayında doğum gününü qeyd edən jurnalistlər və sənət adamlarının xüsusi hədiyyələrlə təltif olunması olub. Onlara “Zümrüd M” Production-un adından xüsusi hazırlanmış hədiyyələr təqdim olunub, səhnədə təbriklər səsləndirilib. Bu jest tədbirin səmimi və emosional atmosferini daha da gücləndirib.
Tədbirə şou-biznes və incəsənət nümayəndələrinin də qatılması gecəyə xüsusi rəng və əyləncə qatıb. Məşhur müğənnilər və sənət adamlarının çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Musiqi nömrələri və şou proqramla müşayiət olunan mərasim iştirakçılarda xoş təəssüratlar yaradıb.
Zümrüd Güləliqızı: “Bu tədbirlə həm medianın keçdiyi yola işıq tuturuq, həm də jurnalistlərimizi layiqincə qiymətləndiririk”
Tədbirin təşkilatçısı Zümrüd Güləliqızı çıxışı zamanı bildirib ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi yalnız bir yubiley deyil, həm də xalqın söz azadlığı, milli kimlik və informasiya mədəniyyətinin inkişaf tarixidir:
“Azərbaycan mətbuatı böyük və şərəfli bir yol keçib. Biz bu tədbirlə həm o tarixi işıqlandırmaq, həm də bu gün də fədakarlıqla çalışan media nümayəndələrimizi qiymətləndirmək istədik. Jurnalistlər cəmiyyətin aynasıdır və onların əməyi daim dəyərləndirilməlidir.”








