İƏT-nın Xankəndi Zirvə görüşü əməkdaşlığın daha da dərinləşməsində öz sözünü deyəcək

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qurduğu münasibətlər ölkəmizin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır.
Azərbaycanın qurumla münasibətlərinə, onun inkişafına verdiyi töhfələrə diqqət yönəlməyimiz səbəbsiz deyil. 3-4 iyul tarixlərində azad Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin azad edilmiş Xankəndidə keçirilməsi özəlliyi ilə diqqətdədir. Hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirilən məkan baxımından da xüsusi önəm kəsb edir. Bu gün Xankəndinin diplomatik mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbancanlını qürurlandırır.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağı dalğalandı. Bu gün azadlığına qovuşan digər torpaqlarımız kimi, Xankəndidə sözün əsl mənasında quruculuq meydanına çevrilib.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Xankəndi şəhərinin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır. Bu qurumla əlaqələrin inkişafı ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli iqtisadi və geosiyasi məqsədlərə nail olunmasında da mühüm rol oynayır. ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Prezident İlham Əliyevin bununla bağlı çıxışı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”. Xankəndi Zirvə görüşü əməkdaşlığın daha da dərinləşməsində öz sözünü deyəcək.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası