Azərbaycan və Özbəkistan: Tarixi qardaşlıqdan strateji tərəfdaşlığa

Keçən il Daşkənd şəhərində Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ikitərəfli əlaqələrdə mühüm dönüm nöqtəsi olmuşdur. Bu müqavilə, iki ölkənin qarşılıqlı etimad və əməkdaşlıq səviyyəsinin ən yüksək göstəricisi kimi, münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığını rəsmən təsdiqləmişdir. Müqavilə çərçivəsində tərəflər siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə daha sıx əlaqələrin qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi istiqamətində qəti addımlar atmağı qarşılarına məqsəd qoymuşlar. Həmçinin, beynəlxalq və regional məsələlərdə qarşılıqlı dəstəyin gücləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin olunması üçün birgə səylərin artırılması bu sənədin əsas prioritetlərindəndir. Bu müqavilə həm Azərbaycan, həm də Özbəkistan üçün qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələsini simvollaşdırır və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi zəmin yaradır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Azərbaycanla qardaşlıq əlaqələrinin tarixi köklərinə toxunaraq, ölkələr arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. O, həmçinin Qarabağın bərpası prosesində Özbəkistanın verdiyi dəstəyin vacibliyini vurğulayıb və iki ölkənin gələcək əməkdaşlığının yeni layihələr və birgə təşəbbüslərlə zənginləşəcəyinə inamını bildirib. Ümumilikdə, prezidentlərin bəyanatları göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətləri regionda sülh və sabitliyin təmin olunmasında, həmçinin iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq. Bu, həm də iki ölkənin qarşılıqlı hörmət və anlaşma əsasında qurulan möhkəm tərəfdaşlığının göstəricisidir. Azərbaycan və Özbəkistan, həmçinin Türk Dövlətləri Təşkilatının inkişafında aparıcı rol oynayır. Hər iki ölkə Türk dünyasının birliyinin, ortaq iqtisadi məkanın formalaşdırılmasının, mədəni-mənəvi dəyərlərin qorunmasının vacibliyini daim vurğulayır və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal fəaliyyət göstərir. Bu münasibətlər xalqlarımız arasında qarşılıqlı hörmət və siyasi iradə əsasında daha da möhkəmlənəcək, regionda sülh, sabitlik və davamlı inkişaf üçün güclü zəmin yaradacaq. Azərbaycan və Özbəkistan arasında qurulan strateji tərəfdaşlıq təkcə iki dövlət üçün deyil, bütövlükdə bölgənin gələcəyi üçün ümidverici perspektivlər və yeni imkanlar açır.
Samirə Hüseynova