Türk dünyası ölkələrinin əməkdaşlığı genişlənir

Türk dünyası ölkələrinin əməkdaşlığı genişlənir  
Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarix, mədəniyyət və qardaşlıq təməlləri üzərində qurulan müttəfiqlik modelidir. Hər iki xalqın kimliyi, mənsubiyyəti və ortaq tarixi bu əlaqələrin strateji əsasını təşkil edir. Xüsusilə XX əsrin ortalarında münasibətlər daha da dərinləşib.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir. Ən mühüm mərhələlərdən biri isə 2024-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində imzalanmış Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilə olmuşdur. Sənəd aprelin 30-da Özbəkistan parlamenti tərəfindən ratifikasiya olunaraq, münasibətlərə hüquqi-müttəfiqlik statusu vermişdir.
Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir. 
Tariximizin ağrılı səhifələrinə nəzər salsaq görərik ki, 1930-cu illərin repressiya dalğaları zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınmış və orada yeni həyat qurmuşdur. Bu humanitar təmaslar hər iki xalqın bir-birinə mənəvi bağlılığını daha da gücləndirmişdir. 1966-cı ilin aprelində Daşkənddə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan xalqı öz humanist ənənəsinə sadiq qalaraq qardaş köməyini əsirgəməmişdir. Zəlzələdən sonra şəhərin yenidən qurulmasında azərbaycanlı mütəxəssislər, mühəndislər və tikinti işçiləri yaxından iştirak etmişlər.  Bu gün Özbəkistanda 40 mindən artıq azərbaycanlı yaşayır və onlar ölkənin sosial, iqtisadi və ictimai həyatında fəal iştirak edirlər.
Prezident İlham Əliyev bu münasibətləri daim yüksək qiymətləndirmiş, Özbəkistanı Azərbaycanın ən yaxın və etibarlı tərəfdaşlarından biri adlandırmışdır. Öz növbəsində Prezident Şavkat Mirziyoyev vurğulamışdır ki, Azərbaycan-Özbəkistan əlaqələri regional sabitlik və inkişaf üçün nümunəvi modeldir. İyulun 2-də ölkəmizə dövlət səfərinə gələn Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Görüş çərçivəsində iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi baş tutub. Daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. 
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.
 Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk”.
Bu gün iki ölkə arasında iqtisadi əlaqələr müsbət dinamika ilə inkişaf edir. Əgər 2010-cu illərdə ticarət dövriyyəsi cəmi 30 milyon dollar civarında idisə, 2024-cü ilin sonunda bu rəqəm 253 milyon dollara çatıb. Tərəflər qarşıya 1 milyard dollarlıq hədəf qoyublar. Azərbaycan və Özbəkistan arasında yaradılmış İnvestisiya Fondu çərçivəsində bu günə qədər 360 milyon ABŞ dolları dəyərində 15 layihə icra olunub. Bu layihələrə sənaye zonaları, tekstil müəssisələri, kənd təsərrüfatı logistika mərkəzləri və avtomobil yığımı zavodları daxildir. Bakıda Özbəkistan məhsullarının sərgisində 50-dən artıq yerli şirkət iştirak etmiş və daimi "Made in Uzbekistan" pavilyonunun əsası qoyulmuşdur.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində qurulmuşdur. Ölkəmiz bu dəhlizin əsas tranzit mərkəzidir. Ötən il Qazaxıstan-Özbəkistan-Azərbaycan üçtərəfli əməkdaşlığı çərçivəsində yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal daşımaların təşkili barədə razılıq əldə olunmuşdur. Həmçinin, "yaşıl enerji" və elektrik enerjisi ötürücü xətləri üzrə əməkdaşlıq üçün üçtərəfli memorandum imzalanmışdır.
Mədəni və humanitar sahədə əlaqələr davamlı şəkildə inkişaf etdirilir. Hər iki ölkədə qarşılıqlı diaspor fəaliyyətləri, təhsil mübadiləsi, birgə sərgilər və teatr tamaşaları təşkil olunur. 2023-cü ildə Səmərqənddə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıda yaradılan Özbəkistan Mədəniyyət Evi xalqlar arasında bağları daha da gücləndirir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir. Liderlər regionda sabitlik və Türk dünyasının birliyi naminə ardıcıl və məqsədyönlü addımlar atırlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Hər iki ölkənin xarici siyasət kursu qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünün dəstəklənməsi və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Bütün bu strateji baxışların mərkəzində isə iki liderin şəxsi nüfuzu və qarşılıqlı güvəni dayanır. Prezident İlham Əliyevin praqmatik və çevik siyasəti ilə Prezident Şavkat Mirziyoyevin islahatçı və modernləşdirici yanaşması Türk dünyasında yeni siyasi arxitekturanı formalaşdırır.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 
Geri qayıt