7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Paytaxtın Xətai rayonunu ərazisində yerləşən həbsxana “Quantanama”nı xatırladır. Rəis Mehman Əliyevin işgəncə üsulları isə heç də “Quantanama” həbsxanasından geri qalmır. Hələ bir müddət öncə mediada da bununla bağlı məlumatlar yayılmışdı. Belə ki, Mehman Əliyev həbsxananın həyətində xüsusi güşə - “besedka” yaradıb. Bu güşədə hovuz da düzəltdirib. Məhbusları cəzalandırmaq üçün qış-yay demədən hovuza salır, özü isə “güşəsində” əyləşərək, ləzzətlə tamaşa edir.
Mehman Əliyev cəzaçəkmə müəssisini həm də “bazar” kimi işlədir. belə demək mümkünsə, “obyekt” satmaqla məşğuldur. Hansı məhbusun pulunu ödəyirsə, daha yaxşı otaqla təmin olunur, pulunu ödəməyənlər diskriminasiyaya və işgəncələrə məruz qalır. Hazırda həbsxananı pullu məhkumlar idarə edir. Mehman Əliyev isə “bazarkom” kimi kabinetində əyləşib, “yer haqqı” toplayır. M.Əliyevin yaratdığı qaydalara görə, müxtəlif ödənişlər var.
- Telefonla danışmaq üçün;
- İşləməmək üçün;
- Aşağı və yuxarı çarpayıda yatmağın ayrı-ayrı ödənişləri var;
- Yaxınlarla görüş üçün;
- Evdən göndərilən ərzağı almaq üçün və s;
Bu siyahı uzanır. Hər bir məhbus qanunvericiliklə nəzərdə tutulan haqqını yalnız Mehman Əliyevə pul ödəməklə ala bilər. Etiraz edənlər isə xüsusi metodlarla işgəncələrə məruz qalır.
İndiyə qədər 7 saylı cəzaçəmə müəssisəsi ilə bağlı mediada dəfələrlə şikayətlər yayımlanıb. Hətta daha öncə müəssisənin rəhbərliyi də dəyişdirilib. Lakin dəyişən heç nə yoxdur. Mehman Əliyev isə cəzaçəkmə müəssisəsini daha dəhşətli vəziyyətə salıb. Qeyd edək ki, cəzaçəkmə müəssisə rəisinin qanunsuz əməllərinə etiraz əlaməti olaraq ötən ilin noyabr ayında məhkumlar Nemət Dadaşov, cari ilin yanvar ayında Tural Nağıyev, fevralda isə Etibar İsmayılov intihar etmişlər.
Sual yaranır: Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bütün bunlardan xəbəri varmı? İndiyə qədər yayılan məlumatlara əsasən hansısa ölçü götürülübmü?
Həbsxanadakı acınacaqlı vəziyyət deməyə əsas verir ki, ya bütün bunlardan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinin xəbəri yoxdur, ya da rəis Mehman Əliyevi “himayə” edənlər var.(Fia.az)