FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Bu, barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Təşkilat bəyan edib ki, tələbatı artması və bir sıra aparıcı ixracatçı ölkələrdə ehtiyatların azalması 2025/26-cı il mövsümündə buğda qiymətlərinə müəyyən dəstək verə bilər, lakin ümumi bazar tonu zəif olaraq qalacaq. Bununla belə, qiymətlərin necə dəyişəcəyi 2024/25-ci il mövsümünün sonunda bazar əhval-ruhiyyəsinə təsir edən ticarət siyasətinin inkişafından çox asılı olacaq.
Bundan başqa, FAO-nun açıqlamasında deyilir ki, 2025/26-cı il mövsümünd dünyada 800,1 milyon ton istehsal olunacağı proqnozlaşdırılır, bu isə 2024/25-ci il mövsümü ilə müqayisədə cəmi 0,3 % çoxdur. Proqnozlaşdırılan artımı əsasən Avropa İttifaqı ölkələri, qismən isə Argentina, Hindistan və Böyük Britaniya təmin edəcək. Bu ölkələr Avstraliya, İran, Qazaxıstan, Pakistan, Ukrayna və Amerika Birləşmiş Ştatları daxil olmaqla, digər əsas istehsalçı ölkələrdə proqnozlaşdırılan azalmanı kompensasiya edəcək.
2025/26-cı il mövsümündə qlobal buğda istehlakının isə 2024/25-ci il mövsümünə nisbətən 1,3 % artaraq 805,4 milyon tona çatacağı gözlənilir. Artım əsasən Çində (əsas torpaq) və ABŞ-də yem və digər qeyri-qida məqsədli istifadə sahələrində olacaq. Qlobal buğda qida istehlakının da əhali artımına uyğun olaraq yüksələcəyi proqnozlaşdırılır.
2025/26-cı il mövsümünün sonunda dünyada buğda ehtiyatlarının 1 il əvvələ nisbətən 2,2 % azalaraq 310 milyon tona düşəcəyi gözlənilir. Hazırkı istehsal və istifadə proqnozlarına əsasən, dünya buğda ehtiyatlarının istifadə nisbəti 2024/25 mövsümündəki 39,3 %-dən 38,1 %-ə düşəcək, lakin bu, ümumi olaraq kifayət qədər rahat təchizat vəziyyətini göstərir. Ən böyük ehtiyat azalması Rusiyada gözlənilir, həmçinin Argentina, Avropa İttifaqı, Pakistan və bir sıra digər ölkələrdə kiçik azalmalar olacaq.
Məlumata görə, 2024/25 mövsümündə kəskin azalmadan sonra, dünydada buğda ticarətinin 2025/26-cı il mövsümündə qismən bərpa olunaraq 200,6 milyon tona çatacağı proqnozlaşdırılır. Gözlənilən bərpa əsasən Asiyadan, xüsusilə Çin və Türkiyədən güclənən idxal tələbi və Argentinadan, Avropa İttifaqı və Rusiyadan artan ixracla təmin olunacaq.