Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.
Xalqımız artıq beş ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyevin olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünə xas uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndində, Xocalıda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Aysel Mənsimova - politoloq