İdmançılarımız ölkəmizi uğurla təmsil edirlər

İdmançılarımız ölkəmizi uğurla təmsil edirlər  
Son illərdə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar qazanaraq ölkəmizin beynəlxalq imicini daha da yüksəldiblər. Növbəti uğur Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında əldə edilib. Ölkəmizin milli komandası bu beynəlxalq yarışda uğurla iştirak edərək finala yüksəlib. Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, komandamız tarixində ilk dəfə olaraq denya çempionu adını qazanıb.
Bu uğuru xüsusi qeyd edən Prezident İlham Əliyev qalib komandanın üzvləri və onların məşqçilərini qəbul edərkən Azərbaycan idmanının inkişafından, əldə etdiyimiz uğurlardan geniş bəhs edib. Dövlətimiz başçısı deyib ki, “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.
Azərbaycan idmançılarının mötəbər idman yarışlarında əldə etdikləri uğurlar bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.
Görüş zamanı Prezident İlham Əliyev bildirib ki, “bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər”.
Qey edilib ki, “bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.
Ölkə başçısı bu qələbənin Azərbaycanda minifutbolun inkişafına növbəti təkan verəcəyinə əmin olduğunu deyib. “Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb - Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər - bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək”, - deyə bildirib.
Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycan idmançıları bir çox yarışlarda uğurla iştirak etməsi onu göstərir ki, ölkəmiz dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub.  
 
 
Türkan Cümşüdova – YAP üzvü
Geri qayıt