İşdən çıxarılan nazirə qarşı ittiham VAR

İşdən çıxarılan nazirə qarşı ittiham VAR Naxçıvanın sabiq Daxili İşlər naziri Əhməd Əhmədova arxalanan qardaşı Əvəz Əhmədov Abşeron sakindən hədə-qorxu yolu ilə 140.000 ABŞ dolları pul mənimsəyib.

Rayonun, Xırdalan şəhəri, ev 13 ünvanında yaşayan Tahirov Rəşad Lətif oğlu tərəfindən ünvanlanmış şikayət məktubunda belə deyilir. Məktubu kiçik zəruri redaktə ilə dərc edirik:

“2016-cı ilin iyun ayının əvvvəlləri həyat yoldaşımın əmisi oğlu Hörmət həkim mənə zəng edib görüşə çağırdı. O, mənə bir iş adamı ilə görüşməyi təklif etdi, həmin şəxsin tikinti işləri ilə məşğul olduğunu bildirdi. Mən də bir satış şöbəsinin müdiri olaraq təklifi qəbul etdim və görüşə getdim. Məni Əvəz Əhmədov adlı bir şəxslə tanış etdi. Əvəz Əhmədov bizə çay içməyi təklif eləyərək, işlədiyim müəssisədə nələr istehsal olunduğu ilə maraqlandı. Mən oturmadan çıxıb getdim, Hörmət həkim ilə Əvəz isə öz işləri haqda danışmağa davam etdilər.

İki həftə sonra mənə Hörmət həkimdən zəng gəldi. Əvəz Əhmədovun onu girov saxlayaraq döydüyünü, səbəbini isə onun Əvəz Əhmədova külli miqdarda borclu olmasıyla əsaslandırdı. Həkim vaxtında pulu qaytara bilmədiyindən məndən komək istədi. Onun əvəzindən 2-3 günlük möhlət almağımı xahiş elədi. Bu söhbətə heç bir aidiyyatım olmadığından işə qarışmaq istəmədim.

Hadisədən 3-4 gün sonra saat 11 radələrində mənə növbəti zəng gəldi. Bu dəfə zəng edən Əvəz Əhmədov idi. O, mənə Hörmət həkimin borcu olduğunu və onu girov saxladığını bildirdi, məndən isə həkimə pulu qaytarmaq üçün vaxt verməyinə görə zamin durmağımı istədi. Bir neçə gün ərzində borcun qaytarılmasına söz versəm, onu azad edəcəyini bildirdi. Borcun nə qədər olduğunu soruşdum, Ə.Əhmədov mənə borcun əsas hissəsinin 140.000 ABŞ dolları, faiz ilə birlikdə isə 220.000 ABŞ dolları olduğunu bildirdi.

Bundan sonra Hörmət həkimə zəng vurdum və onun borclu olduğu məbləği tapa bilməyəcəyimi, bu işdə məndən heç bir kömək gözləməməsini və Əvəz Əhmədovla aralarındakı məsələni özünün həll etməli olduğunu bildirdim.

Səhəri gün səhər saat 10:00-da Əvəz Əhmədov mənə zəng edərək pulun hazır olub-olmadığı soruşdu. Ona borcun mənə aid olmadığını bildirdikdə isə, üstünmə qışqırdı. Guya, mənə görə Hörmət həkimi buraxdığını, həmin məbləğin nə olursa olsun zorla alacağını, məni işdən çıxartdıracağını və həbs etdirəcəyini bildirərək, hədə-qorxu gəldi.

Bu zəngdən, təxminən, 2-3 gün sonra mənə özünü Bakı şəhər Baş Polis İdarəsinin polkovnik-leytenantı kimi təqdim edən şəxs (Məktubda həmin şəxsin adı və telefon nömrəsi də göstərilib. Cinayətkar münasibətlərdə rol almağı polis işçisinə yaraşdırmadığımızdan və bu dövlət orqanına duyduğumuz hörmətə görə, həmin şəxsin adını ictimailəşdirməməyə qərar verdik. Müvafiq qurumlar maraqlanarsa, həmin polis yetkilisinin adını və telefon nömrəsini təqdim edə bilərik-red.) zəng edərək Baş Polis İdarəsinə gəlməyimin lazım olduğunu bildirdi. Mən rəsmi çağırış göndərilməsini xahiş elədim, lakin o, buna ehtiyac olmadığını söylədi.

Ertəsi gün Bakı Şəhər Baş Polis İdarəsinə getdim. Həmin polis polkovnik-leytenantı başladı vəziyyəti mənə izah etməyə, mən isə ona bildirdim ki, Əvəz Əhmədovdan bir manat da almamışam, onunla heç vaxt işim olmayıb, hətta bunu təsdiq etmək üçün Əvəz Əhmədovun özünün şöbəyə çağırılmasını istədim.

Təxminən, 15 dəqiqədən sonra Əvəz müəllim gəldi, onların ünsiyyətindən başa düşdüm ki, bu əvvəlcədən danışılmış və ssenari üzrə hazırlanmış işdir. Söhbət əsnasında mən Əvəz müəllimlə mübahisə etdim və sonda o məni təhqir edərək bildirdi ki, “mənim qardaşım Naxçıvanın yiyəsidir, mən burda nə desəm, o da olacaq, pulu boynuna götürüb ödəməsən, burdan sağ çıxmayacaqsan!”

Daha sonra polis polkovnik-leytenantı da Əvəzə 140.000 ABŞ dolları ödəməyəcəyim təqdirdə bütün həyatımın məhv olacağını bildirdi və mənə ölkədən getməyimə “Stop” qoyduğunu dedi. Hədə-qoxuların ciddiliyini anladıqca artıq həbs olunub şərlənəcəyimə tam əmin olduğumdan onlarla razılığa gəlməli oldum. Məni buraxmaları üçün Xırdalan şəhərində yerləşən şəxsimə məxsus evin sənədlərini girov qoydum. Sonra tanışlarımdan 60.000 ABŞ dolları düzəldib aparıb Əvəz Əhmədova verdim.

Hər dəfə pul verdikcə polis polkovnik-leytenantına da məlumat verirdim, ona SMS yazıb göndərirdim. Pulun xeyli hissəsini ödədikdən sonra, daha heç yerdən pul ala bilmədiyimə görə, dostlarım Habil və Dəyanətin köməklikləri ilə çətinliklə də olsa evlərin sənədlərini götürdüm, onları girov qoyaraq dələduzluqla boynuma qoyulmuş məbləğin qalan hissəsini də düzəldib verdim.

Həmin vaxtın qara bazar məzənnəsinə uyğun olaraq (1.92 kursu ilə) 140.000 ABŞ dolları qarşılığında olan 270.000 AZN məbləğində pulu havadarları və şəxsən Bakı şəhər Baş Polis İdarəsinin polkovnik-leytenantının bilavasitə hədə-qorxuları ilə Əvəz Əhmədov məndən qanunsuz olaraq almışdır.

Hal-hazırda Əvəz Əhmədov tərəfindən külli miqdarda mənə “yüklənilən” pullara görə borc içində qalmışam. 2 ədəd evimi itirmişəm, maşınımı satmışam. Başıma gələnlərdən bezib işdən də çıxmışam. Əvəz Əhmədovun nazir qardaşının geniş imkanları və mənim başıma faktiki olaraq gətirdiyi oyunlardan qorxaraq bu günə qədər heç bir yerə şikayət edə bilmirdim.

Əhmədovların ölkədə etdikləri cinayət əməllərindən ölkəmizin rəhbərliyinin xəbər tutmasından və barələrində müvafiq tədbirlərin görülməsindən sonra hədə-qorxu ilə məndən alınan pulların qaytarılmasına ümidlərim yarandı və başıma gələnlər barədə ictimaiyyətə məlumat verməyə cəsarətləndim.

Bu faktın hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına, cinayətkarların cəzalandırılmasına və hədə-qorxu yolu ilə məndən alınmış pulların geri qaytarılmasını müvafiq qurumlardan xahiş edirəm”.

P.S. Yazıda adı keçən Əvəz Əhmədovun mövzu ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Ovqat.com
Geri qayıt