Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir.

Prezident İlham Əliyevin dediyi kimi, Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və ya digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Hazırda Azərbaycanla Vyetnam arasındakı ticarət dövriyəsi Azərbaycanın Vyetnama neft satışı ilə müəyyənləşir.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla görüş zamanı bu məsələyə də toxunan İ.Əliyev qeyd edib ki, Vyetnamı Azərbaycandakı investisiya şəraiti və mövcud imkanlar, görülən işlərlə bağlı məlumatlandırmaq lazımdır ki, ticari balans yalnız neft satışından asılı olmasın. Həmçinin Vyetnam rəhbərliyinə ölkəmizdə bərpaolunan enerji sahəsinə investisiya qoyması da təklif olunub.
Hər iki dövlətin müdafiə sənayesinin inkişaf etməsi, bu sahədə birgə işlərin görülə bilinəcəyi də qeyd olunub.
Azərbaycanla Vyetnam qlobal siyasi sferada da birgə hərəkət edir və bir-birini qarşılıqlı olaraq dəsdəkləyirlər. Həmçinin Vyetnam Azərbaycanla Qoşulmama Hərəkatı çərçivəsində də birgə fəaliyyət göstərir.
Vyetnamın Azərbaycanla bir çox sahədə əhəmiyyətli sənədlər imzalaması ondan xəbər verir ki, iki dövlət arasında gələcəkdə daha geniş ticarət dövriyyəsindən və siyasi dəsdəkdən danışa bilərik. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizləri vasitəsi ilə ticarət əlaqələri gücləndirilə bilər. Bu isə iki dövlət arasında uzaq məsafənin əngəl olmayacağını, bir çox sahələrdə əlaqələrin daha da genişlənəcəyini göstərir.
Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru