Mərkəzi Seçki Komissiyası buraxıla bilər

MSK Prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin) hazırlanması və keçirilməsini təmin edir.
Qeyd edək ki, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi 2021-ci il aprel ayının 27-də formalaşıb. MSK-nın yeni tərkibinin 2026-cı ilin aprel ayında formalaşacağı gözlənilir.
MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.
Modern.az-a daxil olan məlumata görə, MSK vaxtından əvvəl də buraxıla və yeni tərkib formalaşdırıla bilər.