Xalqın sevgisini qazanmış Azərbaycan Polisi
Güvən və ədalətin cəmiyyətə sarsılmaz töhfəsiMüasir Azərbaycanın dövlət strukturlarında mühüm yer tutan və ictimai rifahın təminində misilsiz xidmətlər göstərən Azərbaycan Polisi bu gün yalnız hüququn aliliyini qoruyan qurum deyil, eyni zamanda xalqın güvəndiyi, etimad göstərdiyi və fədakarlığını dəyərləndirdiyi bir nüfuz mərkəzidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquq-mühafizə orqanlarının fəaliyyətində aparılan islahatlar, polisin cəmiyyətdəki rolunu daha da gücləndirmiş, bu qurumun fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmışdır. “Polis xalqın xidmətində olmalıdır” prinsipi bu gün artıq reallığa çevrilmiş və gündəlik fəaliyyətin əsas xəttinə çevrilmişdir.
Azərbaycan Polisi öz fəaliyyətində qanunun tələblərini əsas tutmaqla yanaşı, hər bir vətəndaşın təhlükəsizliyi, hüquqlarının müdafiəsi və ictimai asayişin təmin olunması üçün fədakarcasına çalışır. Hər gün minlərlə polis əməkdaşı səhər evindən çıxarkən yalnız xidməti borcunu deyil, həm də vicdan və vətəndaşlıq məsuliyyətini çiyinlərində daşıyır.
Günün istənilən saatında, hava və şəraitdən asılı olmayaraq, polis əməkdaşları vətəndaşın yanındadır. Cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin qorunması, yol hərəkətində qayda və qanunların təmin olunması, ekstremizm və terrora qarşı tədbirlər — bütün bu sahələrdə polis gecə-gündüz çalışır, nəticədə isə cəmiyyət özünü daha etibarlı hiss edir.
Son illər ölkəmizdə hüquq-mühafizə orqanlarında tətbiq olunan rəqəmsal idarəetmə sistemləri, müşahidə texnologiyaları və süni intellektə əsaslanan analitik platformalar polisin fəaliyyətini daha çevik, dəqiq və şəffaf edib. Bu yeniliklər, vətəndaşlarla münasibətdə daha insani və mədəni yanaşmanı təşviq etməklə yanaşı, cinayətlərin qarşısının vaxtında alınmasına və tez bir zamanda açılmasına da şərait yaradır.
İctimaiyyətlə əlaqələrin gücləndirilməsi, məlumatların operativ paylaşılması, maarifləndirici tədbirlərin keçirilməsi və sosial şəbəkələrdəki fəallıq isə Azərbaycan Polisinin açıq və hesabatlı qurum kimi fəaliyyət göstərdiyini göstərir.
Azərbaycan Polisi, təkcə sülh şəraitində deyil, Vətən Müharibəsində və ondan sonrakı bərpa dövründə də misilsiz qəhrəmanlıq nümunələri göstərmişdir. 44 günlük Zəfər Savaşında yüzlərlə polis əməkdaşı cəbhədə ön sıralarda döyüşmüş, şəhidlik zirvəsinə ucalmış, bir çoxu isə yaralanaraq vətənpərvərlik rəmzinə çevrilmişdir.
İşğaldan azad olunan ərazilərdə dərhal xidmətə başlayan polis qüvvələri həmin bölgələrdə təhlükəsizliyin təmin olunması, ictimai asayişin bərpası və dövlətin idarəçilik strukturunun yenidən qurulması istiqamətində mühüm rol oynamışdır.
Azərbaycan Polisi bu gün təkcə cinayətkarlığa qarşı mübarizə aparmır, eyni zamanda sosial layihələrlə gənclərin maarifləndirilməsində, narkomaniyaya qarşı mübarizədə, ailə zorakılığı və digər sosial təhlükələrin aradan qaldırılmasında da mühüm missiya daşıyır.
Məktəblərdə, universitetlərdə, ictimai yerlərdə keçirilən görüşlər, təlimlər və tədbirlər polis vətəndaş münasibətlərinin yeni bir mərhələyə keçdiyini göstərir. Artıq Azərbaycan vətəndaşı polisi qorxulu bir qüvvə kimi deyil, onun hüquqlarının keşiyində dayanan, etibar ediləcək bir tərəfdaş kimi qəbul edir.
Azərbaycan Polisinin bu gün qazandığı yüksək nüfuz, təsadüfi deyil. Bu, illərlə davam edən gərgin əməyin, səmimiyyətin, dürüstlüyün və xalqla qurulan sağlam münasibətin nəticəsidir. Dövlətin dəstəyi və xalqın sevgisi ilə Azərbaycan Polisi gələcəyə inamla baxır, yeni nəsil hüquq-mühafizə orqanı modeli kimi fəaliyyətini davam etdirir.
Bu yol çətindir, məsuliyyətlidir, lakin şərəflidir. Çünki bu yolun sonunda sabitlik, ədalət və güvən dayanır.
Azərbaycan Polisi — Xalqın sevgisini qazanmış, dövlətin ürurudur!
Peyman Sadıqov
Xalqxeber.Az xəbər portalının baş redaktoru
