Gürcüstanla Azərbaycan mehriban qonşu və qardaş ölkələrdir
Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər.
Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır. Azərbaycan – Gürcüstan münasibətləri əsrlər boyu yaxın qonşuluq, dostluq münasibətləri olmuş, indi isə artıq strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Ölkəmiz Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir.
İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. İki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir.
15-16 aprel tarixlərində Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Gürcüstanla Azərbaycanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobal və regional layihələr birləşdirir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni sıx bağlayan fundamental amillərdəndir.
Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.
Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost ölkənin iştirakı ilə iki strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.
Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il ticarət dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir.
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında xüsusi vurğulayıb ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.
Azərbaycan siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı Gürcüstanın 44 günlük Vətən müharibəsindəki dəstəyini də unutmur. Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilir.
Türkan Cümşüdova – YAP üzvü
