Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilib. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunub. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradıb.
“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışında çıxış edərək bildirib: “Biz həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik. Bu, bizə olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, biz faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq”.
Dövlət başçısı qeyd etmişdir ki: “Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir.”
Ötən il COP-29 kimi böyük bir tədbirə uğurlu ev sahibliyi etdiyimizi xatırladan Prezident İlham Əliyev bu mövzuya da toxunub: “Birincisi, çox çətin idi, çünki biz tədbiri bir ildən az olan müddətdə təşkil etməli idik. Adətən, ölkələrə hazırlaşmağa iki il vaxt verilir. Bu, yekdil rəy əsasında uğurla həyata keçirildi.
İkincisi, biz nəticələrə nail olmalı idik. Burada, bizə şaxələndirilmiş xarici siyasətimiz kömək etdi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda - Qoşulmama Hərəkatında sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Eyni zamanda, biz Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, biz uğur qazandıq, çünki COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi.”
Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.
Aysel Mənsimova - politoloq