Azərbaycanın Afrika ölkələri ilə münasibətləri yüksələn xəttlə inkişaf edir

Azərbaycanın Afrika ölkələri ilə münasibətləri yüksələn  xəttlə inkişaf edir Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri də Qvineya-Bisaudur. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il avqustun 27-də qurulub. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalo ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı, polis akademiyaları arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.
Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun fevralın 27-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun ölkəmizə səfəri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşlər zamanı qeyd edilib ki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun ölkəmizə səfəri tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Görüşlər zamanı ikitərəfli gündəliyə aid olan mühüm məsələlər müzakirə edilib və tərəfdaşlığın bütün sahələrdə gücləndirilməsi ilə bağlı  razılığa gəlinib.  Ölkəmiz artıq bir çox ölkələrə sərmayələr yatırıb. Həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradılıb. 
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.
Prezident İlham Əliyev bildirib ki, “gündəlik genişdir, ən vacibi isə odur ki, bizim dost, qardaş münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etməliyik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir”.
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun ölkəmizə ilk rəsmi səfəri Azərbaycanın Afrika ölkələri, o cümlədən Qvineya-Bisau ilə münasibətləri yüksələn xəttlə inkişaf edir, bu da Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasının daha bir sübutudur. 
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Geri qayıt