Azərbaycan Afrika ölkələri üçün yeni əməkdaşlıq perspektivləri açır

Azərbaycan Afrika ölkələri üçün yeni əməkdaşlıq perspektivləri açır  
Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.
Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Vurğulamalıyıq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür.
Afrika qitəsi gənc əhalisi, təbii sərvətləri və inkişaf potensialı ilə XXI əsrin əsas diqqət mərkəzlərindən birinə çevrilib. Uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə bu gün də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır. Afrika ölkələri öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm oyunçulara çevrilə bilərlər. Bu baxımdan Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsi Afrika üçün faydalı ola bilər. Afrika ölkələri Azərbaycana xüsusi simpatiya bəsləyir. 
Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər.  
 SSRİ-nin dağılmasından sonra Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlər Afrika ölkələri üçün maraqlı nümunə ola bilər. Neft gəlirlərinin düzgün idarə olunması, infrastrukturun inkişafı, iqtisadi şaxələndirmə və beynəlxalq əməkdaşlıq siyasəti Azərbaycanın uğurlu inkişaf modelini formalaşdırıb. Afrika ölkələri, xüsusilə enerji resurslarına malik olanlar Azərbaycanın bu təcrübəsindən öyrənə bilər və iqtisadi inkişaflarını sürətləndirmək üçün əməkdaşlıq imkanlarından faydalana bilərlər. Bundan başqa, Azərbaycan kənd təsərrüfatı, turizm və texnologiya sahələrində də təcrübəsini bölüşərək Afrika ölkələri üçün yeni imkanlar yarada bilər.
Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. 
Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında bir sıra mühüm sənədlər imzalanıb. Yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahələri ilə əlaqədar olan bu sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev  ikitərəfli münasibətlərin tarixində ilk olan bu tarixi səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını əminliklə vurğulayıb: “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq”. “Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir” deyən dövlətimizin başçısı, həmçinin bildirib ki,  müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır. Buna rəğmən, dövlətimizin başçısı Somalidə sərmayə imkanlarının müzakirəsinin davam etdirilməsinin vacibliyini də qeyd edib.
Qeyd edilib ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. “Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkə başçısı həmçinin bildirib ki, Somali ilə tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Dövlətimizin başçısı qeyd edib: “Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.
“Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaq mənim üçün həqiqətən də böyük şərəfdir” deyən Somali Prezidenti Hasan Şeyx Mahmud çox məhsuldar keçən görüşü Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı kimi dəyərləndirib. Somalinin çətin dövrdən çox parlaq gələcəyə keçid edən, zəngin resurslara və böyük potensiala malik ölkə olduğunu vurğulayan Hasan Şeyx Mahmud bildirib ki, lakin şərait inkişaf etməyə imkan verməyib: “Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir”.
İmzalanmış sənədlərdən söz açan Somali Prezidenti bildirib ki, imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır: “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq.”
Beləliklə, Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 
Geri qayıt