Tarixdə görülməmiş igidlik

Tarixdə görülməmiş igidlik  
30 il idi ki, Qələbəyə necə susamışdıqsa, Zəfərimizin istisi soyumadan, yorulmadan digər zəfər qazandıq. Müzəffər Lider, rəşadətli ordu, qalib Azərbaycan xalqı  birliyi, “dəmir yumruğ”un gücü ilə dünyaya xeyirin şəri məğlub edərək, haqq-ədaləti necə bərpa etdiyini göstərdi, “Qarabağ Azərbaycandır və nida” ifadəsini gerçəkləşdirdi.
Bu tarixi Zəfəri xalqımıza bəxş edən Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Silahlı Qüvvələrimiz oldu. Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi, yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi və işğal altındakı torpaqlarımızı azad etdi.  Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd, qəsəbə və mühüm yüksəkliklər işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi. Ordumuz Şuşanı azad edəndən bir gün sonra Ermənistan kapitulasiya aktına imza atdı.  Müharibədən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi. Ermənistan bu şərtləri yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. Vətən müharibəsində qazandığımız qələbə ilə Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu və ədalət öz yerini tapdı.
Azərbaycan Ordusunun peşəkarlığını, fədakarlığını görən düşmən ordusu daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının mərd oğullarının əyilməz ruhlarını, polad iradələrini, bükülməz biləklərini  bir daha bütün dünyaya göstərdi.
Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.
II Qarabağ müharibəsindən sonra Ermənistanın təxribatı fonunda Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat Azərbaycan Ordusunun peşəkarlığını və döyüş qabiliyyətini bir daha sübut etdi. 2023-cü il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətin təmin olunması ilə ərazi bütövlüyümüz tam bərpa edilmişdi. Nəhayət 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycan Ordusunun böyük peşəkarlıqla, heç bir mülki obyektə və şəxsə zərər vurmadan həyata keçirdiyi lokal antiterror tədbirləri separatçıların ağ bayraq qaldıraraq təslim olması ilə yeklunlaşdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi qələbə və keçən il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavən, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrildi. Bu, o deməkdir ki, artıq ərazilərimizdə erməni separatizminin kökü kəsilib. 
 Tarixi qələbədən 4 il sonra Zəfər Günü münasibətilə Xankəndi şəhərinin mərkəzində hərbi paradın keçirilməsi isə qələbələrin qələbəsi, zəfərin təntənəsi idi. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin, Zəfər Gününün üçüncü ildönümündə Azərbaycan xalqı olaraq tarixi anlar yaşadıq.  Xankəndində müzəffər Azərbaycan ordusu qürurla addımlayır…
Bütün bu uğurlar ötən 21 il ərzində qət olunan yolun doğruluğunu və düzgünlüyünü sübut edir. Prezident İlham Əliyevin uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusunun infrastrukturunda ciddi dəyişikliklər baş verdi, döyüş hazırlığına yeni tələblər irəli sürüldü, bunun üçün yetərli sayda poliqonlar, döyüş hazırlığı meydanları yaradıldı. Vaxtaşırı döyüş şəraitinə yaxınlaşdırılmış təlimlərin keçirilməsi, beynəlxalq döyüş təcrübəsinin öyrənilməsi və əldə edilən biliklərin ən müasir hərbi texnikanın imkanları ilə əlaqələndirilməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeni səviyyəyə qaldırdı. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu istiqamətində atılmış addımların  nəticəsidir ki,  2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb. Ordu ən müasir silahlar və texnika ilə təchiz olunub. Müdafiə sənayesinin formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
Şanlı Qələbələrimiz ötən 21 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri  ordu quruculuğu sahəsində görülən işlərə işıq salır.
Döyüş meydanında qələbə qazanmasına baxmayaraq ölkəmizdə Ordu quruculuğu prosesi böyük uğurla davam edib və bu istiqamətdə məqsədyönlü, ardıcıl siyasət aparılıb. Azərbaycan Ordusunun ən müasir silah-sursat texnikası ilə təchizatı, şəxsi heyətin peşəkarlığını daha da artırılması üçün bütün zəruri addımlar atılır. Bundan sonra da atılacaq ki, yaşasın, yaratsın, var olsun, Azərbaycanın Ordusu!
 
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü
Geri qayıt