DİL MÜƏLLİMİ TAPILMAYAN DİLLƏR UNİVERSİTETİ - Bu universitetdə bəzi fənnlərin adı var, özü yoxdur

DİL MÜƏLLİMİ TAPILMAYAN DİLLƏR UNİVERSİTETİ - Bu universitetdə bəzi fənnlərin adı var, özü yoxdur Azərbaycan Dillər Universitetində olan problemləri saymaqla bitməz. Bu yazımızda onlardan bir neçəsinə toxunmaq istərdik.

Azərbaycan Dillər Universitetində təhsil almağa çalışan bir tələbə olaraq bildirmək istərdim ki, tədris ilinin ay yarımdır başlamasına baxmayaraq, fənlərdən birinin tədrisi hələ də təşkil olunmur. Çoxsaylı müraciətlərimə aldığım tək cavab isə odur ki, buna səbəb fənn üzrə müəllimin tapılmamasıdır.

Maraqlıdır, hansısa fənnin tədrisinin təşkili tələbənin yalvarması, dəfələrlə universitetə çağırılması ilə təşkil olunmalıdırsa, universitet rəhbərliyi nə işə baxır?

Dillər Universitetinin dil müəllimi tapmaqda çətinlik çəkdiyi bir şəraitdə digər məsələlərin təşkilini yəqin ki, təxmin edirsiniz. Belə ki, təqaüdlərin yubanması halları ilə "ad salmış" bu universitet tələbələrə bu və digər hallarla bağlı sosial şəbəkələrdə mənfi paylaşım etməmələri üçün hədə-qorxu gəlir. Bu cür hallara rast gəldikdə isə, problemi həll etmək yerinə, həmin tələbəni axtarıb tapmağı üstün tuturlar.

Dillər Universitetində apellyasiya prosesi, ümumiyyətlə, gülməcədir. Belə ki, apellyasiya qaydaları “balınızı heç bir vəchlə 2 baldan çox qaldırmayacağıq, komissiya təşkil olunmasını istəyirsinizsə, sizi həmin fəndən kəsməklə təhdid edəcək, müxtəlif üsullarla alçaldacağıq”, - şəklindədir.

Universitetdə bir də, guya, elektron jurnal sisteminə keçilib. Amma nə müvafiq avadanlıq var, nə də düzgün işləyən sistem. Bir ildən çoxdur ki, hələ də elektron jurnalı adekvat qura bilməyən universitet rəhbərliyi, təbii ki, imtahan ballarının açıqlanmasını da həftələrlə gecikdirir.

Lakin şikayətlər bununla da bitmir. Bir tələbə kimi, şikayətlərimizi çatdıracaq heç kimi tapa bilmədiyimiz üçün isə, sizə üz tuturuq. Ümid edirik, universitet təhsil ocağı olduğunu xatırlayar və burada həvəslə təhsil almağa gələn minlərlə tələbəni bir dəfə olsun, dinləyər.

A.K

Azərbaycan Dillər Universitetin tələbəsi

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

HURRİYYET.AZ
Geri qayıt