1-ci qrup əlil haqqını tələb edir... TƏBİB isə deyir ki... - Xəstəxanadan pul istəyib, ona görə də...

1-ci qrup əlil haqqını tələb edir... TƏBİB isə deyir ki... - Xəstəxanadan pul istəyib, ona görə də... “Sümük sümükdən ayrılıb, illərdir dərmanlarla yaşayıram. Ancaq rayon xəstəxanası məni dərmanlarla təmin etmir”.

Bu şikayətlə “Qafqazinfo”ya Biləsuvar sakini Seylan Qarayeva müraciət edib.

Vətəndaş iddia edib ki, 1-ci qrup əlil olsa da, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən dərman preparatları verilmir: “1997-ci ildən bu yana xəstəyəm. Artıq 3 ildən çoxdur ki, bu kimi problemlərlə üzləşirəm. Ailəm yoxdur, tək qadınam. Dərmanlarım da verilmir. Səhhətim getdikcə pisləşir”.

Vətəndaşın sözlərinə görə, bu problem xəstəxananın direktoru dəyişdikdən sonra ortaya çıxıb: “Əvvəllər dərmanlarımı alsam da, indi çətin vəziyyətdə qalmışam. Xəstəxana bu məsələyə biganə yanaşır.

Nə qədər aidiyyəti yerlərə müraciət etsəm də, nəticə dəyişmir. Yalnız bir ay verildi, o da yarımçıq. Mənə deyirlər ki, sən bizdən pul istəyirsən. Mən sadəcə haqqım olanı tələb etmişəm”.

Məsələni araşdırmaq üçün TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaşın şikayəti həqiqəti əks etdirmir: “İddialar əsassızdır. O, dəfələrlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dərman təminatı ilə bağlı müraciət edib və hər dəfə istəyi tibb müəssisəsi tərəfindən təmin olunub.

Qeyd edək ki, vətəndaş Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından əlavə maddi yardım tələb edir. Bu isə tibb müəssisəsinin fəaliyyət istiqamətlərinə uyğun deyil”.
Geri qayıt