Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir

Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir  
Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 1994-cü ildə aparılan uğurlu hərbi əməliyyatların sayəsində rayonun 82 yaşayış məntəqəsindən 23-ü düşməndən azad edilmişdir.
Füzuli rayonu  yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır. İşğal illərində Füzulidə ermənilər ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq etmişlər. 
Dörd il əvvəl 17 oktyabrında  Füzuli şəhərinin azad olunması nəinki füzulililərin xatirəsinə, həm də Azərbaycan tarixinə şanlı səhvələrlə həkk olmuş  mühüm tarixi hadisələrdən biri oldu. Bu tarixdə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan qurtuldu. Müharibənin növbəti günlərində isə digər 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
 Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq göstərərək 27 il ərzində düşmənin təmas xəttində qurduğu möhkəm istehkamları qısa bir müddətdə darmadağın etdi.
44 günlük Vətən müharibəsində ordumuzun apardığı ən əhəmiyyətli əməliyyatlardan biri olan Füzuli əməliyyatı nəticəsində qədim yaşayış məskənlərimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəlmiş və cənab Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırmışdır.
Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş, şücaət göstərmiş igidlərimizin əməyi Dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmiş və 25167 nəfər hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Ötən il ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər. 
 
 
Aysel Mənsimova – YAP üzvü
Geri qayıt