Məzahir Əfəndiyevin namizədliyi etiraz doğurdu -Göyçaylılar YAP-ın namizədini dəstəkləyəcək

Bu barədə məlumat Editor.az-a rayondakı mənbələrdən daxil olub. Seçicilər qeyd edirlər ki, Məzahir Əfəndiyevin 4 illik deputatlıq dövrü formal fəaliyyətdən ibarət olub: “Problemlərlə bağlı ona ünvanlandığımız məktubları ayrı-ayrı qurumlara göndərməklə işini bitmiş hesab edib. Demək olar ki, heç bir ciddi problemin həllinə nail olmayıb. Dövlət tədbirlərindən başqa onu xeyirdə-şərdə xalqın yanında görməmişik.
Milli Məclisdə də hər hansı ciddi çıxışına, hansısa problemi qaldırmasına şahidlik etməmişik. Bir dəfə çıxışa yazılmışdı, onu da texniki səhv edərək ləğv etdi. O səhnələri mediadan izləyib çox məyus olduq”.
Seçicilər bildirirlər ki, onlar 92 saylı Göyçay-Ağdaş seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Firəngiz Məmmədyarovanı dəstəkləyirlər və ona səs verəcəklər.
Editor.az