Bəlkə nazir elektron poçtu da “işdən çıxarıb”? - NƏ BAŞ VERİR?

Ədliyyə sistemindəki özbaşınalığın başlıca qaynağı məhkəmə qərarlarının qərəzlə icra olunmamasından, hətta icra məmurlarının məhkəmənin adından saxta qərarlar qəbul edib vətəndaşların, əlillərin, qazilərin daşınar-daşınmaz əmlaklarını ələ keçirmələrindən qaynaqlanır. Konkret misallar, faktlar yetərincədir. Bircə faktı vurğulayaq ki, icra məmurlarının “ İcra haqqında” qanunun 68-ci maddəsini görməzdən gəlmələri müharibə , hərbi xidmət əlillərini xidməti vəzifələrini icra edərkən aldıqları xəsarətlərə görə ödənilən məbləğdən, 1-ci dərəcəli əlilləri pensiyalarından məhrum edir. Qanunun 68.1.2 və 68.1.3 maddələri isə tələbin müharibə əlillərinin, eləcə də 1-ci dərəcəli əlillərin pensiya, müavinət, təqaüdlərinə ... yönəldilməsini qadağan edir. İcra məmurları qanunu tətbiq etmək yerinə özləri saxta icra vərəqi, məhkəmə aktı tərtib edirlər. Belə faktlar da yetərincədir, amma bizim qonumuz - mövzumuz bu olmadığından başlığa çıxardığımız mövzuya keçək.
Ədliyyə Nazirliyinin əvvəllər çox yaxşı işləyən @justice.gov.az elektron poçtu xeyli müddətdir müraciətləri qəbul etmir. Ədliyyə Nazirliyinin heç bir qurumuna bu poçtla müraciət etmək olmur. Anında mesajın, məktubun çatdırılmadığı , problem olduğu bildirilir. Bəlkə nazir elektron poçtu da “işdən çıxarıb”? Ağlabatan deyil. Nədən işdən çıxarılanın yerinə yenisi təyin olunur, @justice.gov.az domeninin yerinə isə yenisi təyin olunmayıb.
Məğrur BƏDƏLSOY - Dia-az.İnfo