Şuşada “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı olub

Şuşada “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı olub  
İyulun 20-22-də Şuşa şəhərində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumu keçirilib. Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.
Forum çərçivəsində Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı keçirilib.
140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaklar), Fransız Polineziyası (Maohi Nui), Sen-Martin, Sen-Bartelemi, Mayotta (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinika, Qvadelupa və Fransız Qvineyasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilir. Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu çirkin əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.
Xüsusi olaraq qeyd olunub ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz kolonial siyasətini zorla irəlilətmək istəyi olmuşdur. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunur, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır.
Qeyd edək ki, tədqiqat Fransa hökuməti tərəfindən koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək. Tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 
Geri qayıt