Bu deputatı kim tanıyır? - oliqarx Mahir Aslanov nə seçicini, nə parlamenti sayır...

Bu deputatı kim tanıyır? - oliqarx Mahir Aslanov nə seçicini, nə parlamenti sayır... 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanov nə ictimaiyyət, nə media, hətta bəlkə də bir çox həmkarları tanımır...
Millət vəkili statusunu daşıyan M.Aslanovun səsini eşidən olmayıb.
Azərbaycanda və dünyada müxtəlif hadisələr olur, Milli Məclisdə müzakirələr gedir, qanun layihələri qəbul edilir, seçicilərin deməyə sözü olur. Amma M.Aslanov bunların hamısından uzaqda - biznes sərvətinin yanındadır.
Ona maraqlı gəlmir ki, cəbhə xəttində nə baş verir, balaca Zəhranın qətlinə etiraz etmək lazımdır, Rusiya ilə münasibətlər nə yerdədir, hansı qanun layihələri qəbul olunub, ölkənin yeni iqtisadi siyasəti nədən ibarətdir...
Seçiciləri də M.Aslanovun üzünü görmürlər, deputat da onların üzünü. Biznes imperiyasını mandatla quran və mandatı biznes hesabına aldığı deyilən millət vəkilinin passiv fəaliyyəti yuxarıları da qane etmir.
O, “Kəpəz Group”un sahibi kimi tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəyə nüfuz etməyi bacarıb. “Kəpəz Group” 1992-ci ildə fəaliyyətə başlayıb.
“Kəpəz” tikinti, mebel (istehsalı və daşınması), daşıma, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir.
Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub.
Digər tərəfdən, “Kəpəz” otel, “Happy İnn” otellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır. Axı bu qədər imkanlara sahib birini niyə deputatlıq fəaliyyəti maraqlandırsın ki?!
M.Aslanov parlamentin iclaslarında ürəyi istədiyi vaxt iştirak edir. Ona mandat toxunulmazlıq və biznesini qorumaq üçün lazımdır.
Naftalan-Goranboyda bir seçici barmağını qatlayıb deyə bilməz ki, deputatla görüşüb, dərdinə dərman edib. Sanki millət vəkili yox, əlçatmaz bir yüksək çinli nazirdir.
Elə bu səbəbdən də Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır.
Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda isə vaxtını icra hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda ciddi narazılıq yaradıb.
Deyilənə görə, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Onun qəbuluna düşmək də müşkül məsələdir.
Görünür, Mahir Aslanov vaxtının böyük bir hissəsini biznesinin inkişafına sərf etdiyindən millət vəkili kimi üzərinə düşən işlərinin icrasında maraqlı görünmür.
Mahir Aslanovun qapı və mebel istehsalı sahəsində inhisarçıya çevrilməyə çalışdığı da iddia olunur. Bu məqsədlə o, sahibi olduğu “Kəpəz Mebel Evi”nin imkanlarını bir qədər də artırdığı bildirilirdi.
Lakin hər dəfəsində onun qarşısına Baba Tağıyevin “Avropa Qapıları” şirkəti çıxıb. Bu səbəbdən də uzun müddətdir ki, Mahir Aslanovla Baba Tağıyev arasında gərgin rəqabət getdiyi söylənilirdi.

Qarşı tərəfi dinləməyə hazırıq.

Ulus.Az
Geri qayıt