Ana oğlunun dərdinə çarə axtarır... - ŞİKAYƏT

Ana oğlunun dərdinə çarə axtarır... - ŞİKAYƏT “Cümhuriyət” qəzeti Xəzər rayon sakini Esmira Abbasovanın 3 ay əvvəl hərbi xidmətə yola saldığı oğlu Mirhüseyn Abbasovla bağlı şikayətini dərc etmişdi. Qeyd edək ki, M.Abbasovun təcili əməliyyat olunmağa ehtiyacı vardı. Ananın dediyinə görə, hazırda oğlunun həyati təhlükəsi davam edir və səhhəti getdikcə kritikləşir.

Qeyd edək ki, bu il aprel ayının 27-də Mirhüseyn Aslan oğlu Abbasov Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Xəzər İdarəsi tərəfindən Naxçıvana hərbiyə göndərilib və sərhəd qoşunlarında xidmət edib. Hərbi xidmətə yararlılıq üçün müayinələrdən normal keçsə də, hərbi xidmət müddətinin 3 ayında səhhətində dəyişikliklər hiss edib. Qəfil tutan ürək ağrısı ilə xidmət keçdiyi hərbi hissədən Bakıya - Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib. Hospital həkimlərinin müdaxiləsindən və müayinələrdən məlum olub ki, əsgərin ürək inkişafında anadangəlmə qüsurlar var. Elə problem də bundan sonra başlayıb.

Esmira Abbasova iddia edir ki, 18 yaşına kimi böyütdüyü oğlunda səhhəti ilə bağlı heç bir narahatlıq yaşanmayıb. Məhz bu səbəbdən ürək qüsuru olduğu iddia edilən əsgərin necə hərbi xidmətə göndərildiyi anlaşılmazlıq yaradıb. Bu suallara cavab tapmayan Esmira Abbasova üz tutduğu qurumlardan da əliboş qayıdıb. Sözügedən Hərbi Hospital isə Mirhüseyn Abbasovun əməliyyatını boynuna götürmür. Hospital əsgəri ailəsinə təhvil verərək əməliyyatı da onlara həvalə edib. Əməliyyat haqqı təxminən 8-10 min manat civarındadır. Ana deyir ki, illərdir kirayə qalır və bu məbləği əldə etmək gücündə deyil. Bu səbəbdən aidiyyatı qurumlardan kömək istəyir. Həkimlərin bildirdiyinə görə Mirhüseyn Abbasov təcili əməliyyata girməlidir. Çünki təngnəfəslik əsgərin səhhətini daha da ağırlaşdırıb.

Xatırladaq ki, məsələ ilə bağlı “Cümhuriyət” qəzeti təxminın 10 gün əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi müraciət ünvanlamışdı. Dövlət Xidməti qəzetimizin sorğusunu cavablandırıb. Sorğuya rəsmi cavablandırmanı təqdim edirik: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron saytına daxil olmuş müraciətiniz ətraflı araşdırılıb. Məlum olub ki, 1999-cu il təvəllüdlü Abbasov Mirhüseyn Aslan oğlu 2017-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Xəzər rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilib, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılib.

Eyni zamanda, barəsində müvafiq dövlət səhiyyə müəssisələrinə sorğular göndərilib və heç birində qeydiyyatda olmadığı müəyyən olunduqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək sərəncamla təyin olunduğu Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə təhvil verilib. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara exokardioqrafiya müayinəsinin aparılması (məcburi) nəzərdə tutulmayib.

Ürəyin inkişaf qüsurunun aşkarlanması yalnız exokardioqrafiya müayinəsi zamanı mümkün olması, həmçinin həqiqi hərbi xidmətə çağırılarkən səhhəti ilə əlaqədar şikayət bildirmədiyi və dövlət tibb müəssisələrində qeydiyyatda olmadığı üçün Abbasov Mirhüseyn Aslan oğlu hərbi xidmətə yararlı hesab edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunub. Eyni zamanda, rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim-mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim-mütəxəssislər yerinə yetirirlər. Əlavə olaraq bildiririk ki, ərizənizdə göstərilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur”.
Geri qayıt