Əziz Şuşa, övladların geri qayıdırlar!

Əziz Şuşa, övladların geri qayıdırlar!  
44 günlük Vətən müharibəsindəki Şanlı Qələbə və ötən ilki lokal antiterror tədbirlərindən sonra Azərbaycan 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz təmiz edildi. Artıq ölkəmizin Dövlət Bayrağı Xankəndi və Şuşa da daxil olmaqla bütün işğaldan azad edilən ərazilərimizdə dalğalanır. 
Bu gün bu ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, keçmiş məcburuköçkünlər mərhələli şıkildə öz doğma yurdlarına qayıdırlar. Növbəti qayıdış may ayının 10-da, Ümummilli liderimiz Heydər əliyevin 101-ci döğum günündə Qarabağın tacı Şuşa şəhərində olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. 
Əlamətdar hadisədir ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Dövlətimizin başçısı və birinci xanım Şuşaya ilk köç edən ailələrlə görüşərək ilk olaraq 20 ailəyə mənzillərin açarlarını təqdim ediblər. Bu gün bütün Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan hadisənin şa­hidləri oluruq. Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiy­mətləndirərək demişdi ki, Şuşasız Qara­bağ, Qarabağsız isə, ümumiyyətlə, Azər­baycan yoxdur! Bu gün Ulu öndərin ruhu şaddır, çünki daha Qarabağın hər qarışı azaddır və azad Qarabağımızın azad Şu­şasına ilk köç reallaşıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respub­likanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq ti­kililər və inzibati binalarda müvəqqəti məs­kunlaşmış ailələrdən ibarət köç karvanı Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə yola salınıb. May ayının 10-da Şuşa­ya 88 nəfərdən ibarət 20 ailə və laçın rayonunun Sus kəndinə 75 nəfərdən ibarət 20 ailə köçürülüb.
 Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad ediblər.
Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib ki, “bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük”. Şuşada çox genişmiqyaslı quruculuq işlərinin getdiyini, yaşayış komplekslərinin inşa olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.
Hazırda Şuşada genişmiqyaslı quruculuq işləri gedir, böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Hazırda yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. 
Şuşada aparılan quruculuq işlərinin möhtəşəmliyi həm də şəhərin memarlıq üslubunun, özünəməxsusluğunun qorunub saxlanılmasındadır. Tikintilər müasir şəhərsalma qaydalarına əsaslanır, yaşayış evləri daha gözəl və rahatdır. Şuşada, eyni zamanda, işğaldan azad edilmiş digər ərazilərdə aparılan bərpa işlərində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə vurğulanmalıdır. Fond tarixi-mədəni irsin bərpasında, sosial-humanitar infrastrukturun yaradılmasında, quruculuq və abadlıq işlərində böyük işlər görür. Mehriban xanım Əliyevanın göstərişi ilə başlanılan xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Artıq Fond tərəfindən Şuşada Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və ötən ildən istifadədədir. 
 
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 
 
 
 
 
 
 
Geri qayıt