Abbas Vəlibəyovla bağlı ŞOK İDDİALAR - İTTİHAM VAR

Abbas Vəlibəyovla bağlı ŞOK İDDİALAR - İTTİHAM VAR “Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Amma bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”.

Prezident İlham Əliyev məmurlara ünvanlandığı bu xəbərdarlığı son illər bir neçə dəfə təkrar edib. “Mən xalqın birinci xidmətçiyəm” deyən dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələyə xüsusi həssaslıq nümayiş etdirib. Məmurları siyasi mədəniyyətə dəvət edən dövlət başçısı təkəbbürlü davranan məmurlara bundan sonra da güzəşt olunmayacağını söyləyib: “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir”.

Bəli, Prezident İlham Əliyev məmur özbaşınalığına qarşı barışmaz olduğunu dəfələrlə sübut edib, belə hallara yol verənlərin sərt şəkildə cəzalandırıb. Sonuncu belə cəzalandırma təxminən 20 gün əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Orucova qarşı tətbiq edilmişdi. Prezidentin məmurlara xəbərdarlığından nəticə çıxarmayan rəis müavini övladının bir yaramaz hərəkətinə görə vəzifəsini də, illər uzunu qazandığı xətir-hörməti və ictimai nüfuzunu da itirdi. Onun oğlu Rüstəm Orucov 2017-ci il iyulun 3-də sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün ona əsaslı irad bildirən avtobus sürücüsünü döymüş, ona xəsarətlər yetirmiş və xuliqanlıq hərəkətləri ilə avtobusdakı sərnişinləri qorxuya salmışdı. Üstəlik, generalın oğlu piyadanın ölümünə səbəb olan qəza törədərək hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilmiş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıbmış. Onun bu il iyulun 3-də törətdiyi xuliqanlıq hadisəsi də məhz şərti azadlıqda olduğu dövrdə baş verib. Haqqında Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılan Rüstəm Orucov hazırda həbsdədir. Onun atası general Novruzəli Orucov isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki postundan uzaqlaşdırılıb.

Amma bu, sonuncudurmu? Məmurlar ölkənin rəhbərinin davamlı çağırış və xəbərdarlıqlarından nəticə çıxarırmı? Yaxud kobudluq, yekəxanalıq, özbaşınalıq edən, özlərini təkəbbürlü aparan, vətəndaşlara xidmət etmək əvəzinə rüşvətxorluğu, əliəyriliyi, ailə üzvlərinin kobud davranışları ilə dövlət-xalq münasibətlərinə xələl gətirən məmurlar general Novruzəli Orucovun aqibətindən ibrət götürəcəklərmi?

Görünən odur ki, ölkə başçısının bu cür məmurlara ünvanlanan açıq və sərt xəbərdarlıqlarından hələ də nəticə çıxarmayanlar var. Bu cür pis nümunələrlə tez-tez gündəmə gələn məmurlar arasında səhiyyə nazirinin müavini, ölkənin baş sanitarı Abbas Vəlibəyovun da adı hallanır. Son vaxtlar mətbuat orqanlarında ona məxsus olduğu deyilən restoran binasının genişləndirilməsinin böyük qalmaqala səbəb olduğu söylənilir. Bayıl qəsəbəsinin bir qrup sakini teref.info saytına ünvanladıqları şikayət məktubunda ikimərtəbəli “Moon Crown” restoranının yerləşdiyi binanın qanunsuz olaraq 3-4 mərtəbə artırılmasından narazılıq ediblər. Sakinlər yazır: “ Necə olur ki, biz daşı daş üstünə qoymaq istəyərkən buranın sürüşmə zonası olduğunu xatırladırlar. Lakin “Moon Crown” birdən-birə o boyda tikinti işləri aparır?”

Saytın əməkdaşı məsələni araşdırarkən məlum olub ki, Bayıl qəsəbəsinin girişində yerləşən “Moon Crown” restoranı fəaliyyətini dayandırıb və hazırda orada tikinti işləri gedir. Yəni səhiyyə nazirinin müavini Abbas Vəlibəyova məxsus kommersiya obyekti ətraf binalarda yaşayan sakinlərin rahatlığının pozulması hesabına bir qədər də genişləndirilir. Yazıda o da qeyd olunur ki, 18 ildir səhiyyə nazirinin müavini – respublikanın baş dövlət sanitar həkimi postunu tutan Vəlibəyov sadə məmur həyatından yüz qat uzaq, bəy kefində yaşayırmış. Nəyin hesabına, hansı bacarıq və istedadına görə? Mediada bu adamın böyük məbləğdə pul gətirə biləcək nəsə bir ideya irəli sürməsi və onu öz imkanları ilə həyata keçirməsi barədə heç bir məlumat yoxdur.

Amma...

Bir sıra internet resurslarında (məs., http://www.unikal.org/w156194.html) gedən məlumatlarda bildirilir ki, 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin birinci müavini vəzifəsində çalışan Abbas Vəlibəyovun milyonluq obyektləri var. Təkcə Bakıdakı ev və ticarət obyektlərinin sayı 10-a yaxındır. Bunların arasında Yasamal, Nəsimi və Səbail rayonlarındakı restoranların adı xüsusi çəkilir: “Elbara”, “Qrient” və “Moon Crown”. Bayıl, Nardaran və Bilgəh ərazilərində milyonluq bağ evi, həmçinin Bakının Nizami küçəsində, məşhur Torqovu kimi tanınan ərazdə böyük mənzilin də nazir müavininə məxsus olduğu söylənilir. Yasamalda, Z.Xəlilov küçəsində yerləşən “Elbara” dörd il əvvəl burada baş vermiş güllələnmə hadisəsi ilə əlaqədar daha məşhurdur. Kriminal razborkaya məkan olsa da, restoran öz işini davam etdirir.

Adı çəkilən “Moon Crown” isə hazırda işləməsə də, böyüməkdədir... Obyektin sahibi əvvəlki daş binanın üzərinə dəmir konstruksiyalarla bir neçə mərtəbə əlavə etməyi qərara alıb və bu dəqiqə orada qızğın iş gedir. Əslində, bu “dəmir bina” tikini qaydaları kobud şəkildə pozularaq inşa edilir. İri, ağır dəmir konstruksiyalar həmin ünvanda imkansız adamların yaşadıqları mənzillərin üstündə “oturub”... Necə deyərlər, altda qalanın canı çıxsın! Restoranın sahibi, nəyin bahasına olursa, olsun, öz müştəriləri üçün “dəniz peyzajı” yaradır!.. Yol tərəfdən baxanda heç də gözə dəyməyən bu tikinti arxa tərəfdən baxanda necə böyük yenidənqirma işlri aparıldığına dəlalət edir.

Abbas Vəlibəyovun bu restoranın sahibi olmasını təsdiq edən fakt – elə restoranın öz adıdır: “Moon Crown” – azərbaycanca “Ay Tac”dır. Bir çox sirlərin faş olduğu internet məkanında Vəlibəyova Aytac Abbas qızının Səbail rayonunda daşınmaz əmlak problemləri ilə bağlı məhkəmə çəkişmələri haqqında məlumatlar tapmaq mümkündür. Yəni nazir müavinin öz əmlakını övladlarının adlarına rəsmiləşdirdiyini ehtimal etmək olar. Çox maraqlı bir sual da yaranır: əgər bu obyektin sahibi A.A.Vəlibəyovadırsa, onda son illərdə əmlak davası apardığı Səbail Rayon İcra Hakimiyyətinin gözü qarşısında “Moon Crown”u nəhəng dəmir konstruksiyalarla mərtəbə-mərtəbə qaldırmağa necə nail olur?

Paytaxtın arxitekturasını zədələyən, vətəndaşların rahatlığını pozan belə əndrəbadi tikintiyə kim və nəyə görə icazə verib? Görəsən şəhər meri, xırda bir iş olan kimi özünü yetirən Hacıbala müəllimin niyə gözləri bağlanıb? Bu suallar ictimai maraq doğurmaya bilməz.

Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən “Qrient”in də səhiyyəmizin inkişafına deyil, Abbas müəllimin şəxsi maraqlarına xidmət eməsi şübhə doğurmamalıdır.

Bəs, dövlət məmuru kimi Abbas Vəlibəyovun bu qədər varidata sahib olması mümkündürmü? Məmur maaşı ilə restoranlar şəbəkəsi yaratmaq, çoxsaylı kommersiya obyektləri əldə etmək olarmı?

Bir il əvvəl yenə informasiya portallarından birində yerləşdirilmiş “Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov haqda” başlıqlı yazıya nəzər yetirək (http://bakunews.az/gundem/15248-sehiyye-nazirinin-muavini-abbas-velibeyov-haqda-.html). Jurnalistlərin apardığı araşdırmalar göstərib ki, uzun ilərdir nazir müavini işləyən Vəlibəyov ölkə səhiyyəsinin inkişafı məqsədilə heç bir iş görə bilməyib. Əksinə, onun adı Əli İnsanov nazir işləyərkən bir sıra əyri işlərdə hallandırılıb. İddialara əsasən, sabiq nazir tutduğu vəzifədən azad olunarkən Abbas Vəlibəyov böyük həyəcan yaşayıb, hətta onun səhhətində bir müddət problem belə yaranıb. Lakin sonradan kimlərinsə sayəsində nazir müavininin postuna olan təhlükə sovuşub. Əldə olunan məlumatlarda bildirilir ki, A.Vəlibəyov, əslində, nazirliyin əsas fiqurlarından biri hesab edilir. Belə ki, nazirliklə bağlı olan kadr məsələlərinin əksəriyyəti onun razılığı əsasında həyata keçirilir. Bundan başqa, səhiyyə müəssisələrinin təmir-tikinti işləri ilə bağlı elan edilən tenderlərdə də onun payının olduğu bildirilir. Məhz bu tip işlərə imza atan nazir müavini nəhəng biznes imperiyasına sahib çıxmağı bacarıb.

Nazir müavininin keçmiş rəhbəri Əli İnsanovla əlaqələrini kəsmədiyi, hətta tez-tez sabiq nazirə «peredaça» göndərdiyi barədə də iddialar səslənir.

Ölkənin sanitar-gigiyenik vəziyyətinə nəzarət etməli olan nazir müavinindən də yəqin ki, haqq-hesab soruşan, onun həkim, yoxsa vəzifəsinin verdiyi imkanlardan tamah məqsədilə istifadə edib özünə biznes imperiyası quran “iş adamı” olduğunu müəyyənləşdirən tapılacaq. Hələ ki, ölkənin baş sanitar həkimi indiyədək nə mediada ünvanına səslənən ittihamlara cavab verir, nə də bu ittihamlarda göstərilən faktlara aydınlıq gətirir. Biz isə ona tribuna verməyə hazırıq. Təbii ki, buna həvəsi və marağı olsa...

Nazir müavini bilməmiş deyil ki, Azərbaycan qanunvericiliyi məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. O ki qala bu fəaliyyət sadə insanların rahatlığının pozulması hesabına səbəb ola. Görünür, burada da son sözü ölkə rəhbərliyi deməli olacaq. Axı, ölkə başçısı kobudluq, yekəxanalıq, özbaşınalıq edən, özlərini təkəbbürlü aparan, vətəndaşlara xidmət etmək əvəzinə rüşvətxorluğu, əliəyriliyi ilə dövlət-xalq münasibətlərinə xələl gətirən məmurları bağışlamır. Bu cür pis nümunələrlə tez-tez gündəmə gələn məmurları heç xalq da unutmur.

Koordinat.az
Geri qayıt