Ermənilərin törətdikləri soyqırım digər etnik qrupları da əhatə etmişdir.

Ermənilərin törətdikləri soyqırım digər etnik qrupları da əhatə etmişdir. Ermənilər azərbaycanlılara qarşı müxtəlif soyqırımı siyasəti həyata keçiriblər. Bu cür vəhşilik aktlarından biri də 1918-ci ilin martın 18-də törədilib. 31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınılmalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib.
Azərbaycanlılara qarşı törədilmiş, sülh və insanlıq əleyhinə cinayətlərdən özünün beynəlxalq cinayət xarakterinə və sistematikliyinə görə 1918-ci ilin mart soyqırımları xüsusilə fərqlənir. Bu soyqırımı cinayətləri demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə etmiş və bu cinayətlərin əsas hədəfi məhz ölkəmizdə yaşayan türk soyuna malik olan və islam dininə mənsub olan müsəlmanların fiziki məhv edilməsindən ibarət olmuşdur.
O dövrdə ermənilərin törətdikləri bu cinayətlər beynəlxalq məhkəmə instansiyalarında da sübuta yetirilmişdir. 31 avqust 1918-ci il tarixdə keçirilən Beynəlxalq məhkəmədə ermənilər ötən bir il ərzində 400 min Azərbaycan türkünü, 120 min gürcünü, 22 min ləzgini, 15 min kürdü qətlə yetirdiklərini etiraf etmişlər.
Əslində 1918-ci il soyqırımı cinayətləri xarici mənbələrdə də etiraf olunub. Bu cinayətin şahidi olmuş tədqiqatçı A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.
Arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar bu cinayətlərə beynəlxalq hüquqi və siyasi məsuliyyətin reallaşması üçün imkanlar açır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları – S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
1918-ci il hadisələri və ermənilərin soyqırımı siyasəti təkçə azərbaycanlıların məhv edilməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanda yaşayan digər etnik və milli qrupların da qətlə yetirilməsinə gətirib çıxarmışdır. Burada xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, əslində bir ölkənin daxlində müxtəlif xalqların, etnik və milli qrupların milli kimliklərinin fərqinə varmadan, dinc yanaşı yaşam haqqını pozmaqla onların kütləvi şəkildə qətlə yetirilməsi 1918- ci il mart soyqırımlarının məhz sülh və bəşəriyyət əleyhinə cinayət olaraq tövsif edilməsi üçün kifayət qədər əsaslar yaradır.

Elnur Qəniyev,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi
dairəsi üzrə nümayəndənin müavini


Geri qayıt