10 min manata qədər cərimələnə bilərsiz - Diqqətli olun

10 min manata qədər cərimələnə bilərsiz - Diqqətli olun Avqust ayının 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, "Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır. Tədbirlə əlaqədar Baş DYP İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər.

"Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar" — İdarədən bildirilib.

Qeyd edək ki, sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5 Maddəsinə müvafiq olaraq 50 manat məbləğində, fiziki şəxslər 500-1000 manata qədər, vəzifəli şəxslər 2500 manatdan 3500 manata qədər, hüquqi şəxslər isə 7500 manat məbləğdən 10 min manata qədər cərimə edilə bilər.


Geri qayıt