Evi zəbt olunan xanım kömək istədi – MÜRACİƏT

Evi zəbt olunan xanım kömək istədi – MÜRACİƏT Bundan əvvəl saytımızda qeyd etmişdik ki, evi 23 ildir məcburi köçkünlər tərəfindən zəbt olunan İradə Zeynalova 5 ilə yaxındır mənzilinin boşaldılmasına dair məhkəmə qətnaməsi olduğu halda Suraxanı icra şöbəsinin bir tədbir görməməsindən Prezident İlham Əliyev cənablarına şikayət edib. Yanvarın 27-də İ.Zeynalovanın nümayəndəsi, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirdi ki, sözügedən müraciətin bəzi məmurlar tərəfindən “itirildiyinə” və ya ölkə rəhbərliyinə səhv məlumat verilməsinə dair şübhələr yaranıb. Buna görə də, İ.Abbasov maraqlarını müdafiə etdiyi İradə Zeynalovanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət etdiyini qeyd edib. Həmin müraciətin mətnini oxuculara təqdim edirik:

“Hörmətli Mehriban xanım! Siz hər zaman haqqı tapdanılan vətəndaşların yanında olmuş və çətinliklə üzləşən ailələrin ümid yerinə çevrilmisiniz. Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin ideyaları və Azərbaycan xalqına olan sevgisi Heydər Əliyev Fondunun fəaliyyətində də əksini tapır.

Hörmətli Mehriban xanım! Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünü olan ölkədir, bu gün Dağlıq Qarabağ probleminin həlli hər bir azərbaycanlının arzusudur. Əlbəttə, həmvətənlərimizin öz yurdundan-yuvasından didərgün düşməsi bizi də narahat edir. Lakin təəssüflər olsun ki, bəzi şəxslər özünün “məcburi köçkün” statusundan sui-istifadə edərək, başqalarının haqqını tapdalayır, səhlənkar məmurlar isə buna göz yumurlar. Ona görə də, bir ana və nənə olaraq, Sizə üz tutub, üzləşdiyim problemin həllində kömək etməyinizi xahiş edirəm.

Qeyd edim ki, bir müddət əvvəl mən Cənab Prezidentimizə də məktubla müraciət etmişdim, lakin çox güman, bu müraciət aidiyyatı qurumlara yönəldiləndən sonra, hansısa məmurlar müəyyən maraqlar naminə şikayətimi bir kənara atıblar və heç araşdırmayıblar.

Əzizim Mehriban xanım Əliyeva! Suraxanı Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar. Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək fikirləri də yoxdur. Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq.

Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir. Mənim şəxsi mülkiyyətimdə olan mənzilim bu illər müddətində “qaçqın və köçkün” statusundan sui-istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar. Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar. Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, biz də sənin mənzilini boşaldarıq!”.

Belə çıxır ki, mənim mənzilimi zəbt etmiş “kişi”lərin evsiz qalmasında mən, 3 qız övladım, 3 azyaşlı nəvəm günahkarıq? Onların evini mənfur ermənilər zəbt etdiyinə görə, onların da Bakı şəhərində mənim mənzilimi zəbt edib “7 baş külfət”i küçələrə salmaları qanunauyğundur? Mən müxtəlif qurumlara, o cümlədən Ombudsman Aparatına ərizə ilə müraciət etmişəm. Aparat sədri Aydın Səfixanlı mənim məktubumu Ədliyyə Nazirliyinə yönəltmiş, bundan sonra isə nə kimi addımlar atıldığından xəbərim olmamışdır.

Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində isə formal xarakterli cavablarla illərdir mənə qarşı törədilən haqsızlığın davam etməsinə səbəb olurlar. Qanun isə birmənalı deyir: “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə1. Bu Qanunun məqsədi

Bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir.

Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı

Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev. 21.05.1999 . №669-IQ Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin köçürülməsi Qaydaları»nın 4-cü maddəsinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Hüquqlarımızı pozanlara qarşı belə etinasız yanaşma nə vaxta kimi davam edəcəkdır?

Hörmətli millət vəkili Mehriban Əliyeva! Altı ilə yaxındır ki, “araşdırırıq”, “məşğul oluruq” cavabları eşidirəm və bu cavablar məni aldadıb vaxt qazanmaqdan başqa mənaya gəlmir. Xahiş edirəm, Suraxanı RM-in müvafiq qətnaməsinin təcili surətdə icra olunması üçün, aidiyyatı olan qurumlara göstəriş verəsiniz. Ailəmizin hal-hazırda acınacaqlı vəziyyətdə olmasını nəzərə alaraq, mənim mənzilimin boşaldılıb özümə qaytarılması üçün tədbir görülməsinə ehtiyac var. Ümid edirəm ki, Siz bu məsələni öz nəzarətinizə götürsəniz, qısa zamanda mənim övlad və nəvələrimin kirayələrdə qalmasına son verəcəksiniz. Sizə inamım və ümidlərim sonsuzdur.
Geri qayıt