Səlim Müslümovun altıncı barmağı kimdir?

Səlim Müslümovun altıncı barmağı kimdir? Sosial sahədə baş verənlər, xüsusilə korrupsiya və rüşvət qalmaqalları daim cəmiyyətin diqqət mərkəzində olub. Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunduqda bu sahədə rüşvəti aradan qaldıracağına söz vermişdi. Nə az nə çox artıq 4 ildir ki, cənab Səlim Müslümov nazirdir. İndi ortada aktual olan bir sual var: bu sahədə rüşvət aradan qaldırılıbmı? Praktikada rüşvəti aradan qaldırmaq üçün ən vacib məsələ rüşvətin qarşısını ala biləcək mexanizmlərin formalaşdırılması və tətbiq edilməsidir. Ondan az əhəmiyyətli olmayan məsələ isə işə qəbulda şəffaflığın təmin olunması, rüşvətə bulaşmış məmurların sistemdən uzaqlaşdırılmasıdır.
Lakin qeyd olunanların heç biri cənab Müslümovun rəhbərlik etdiyi sistemdə işləmir. Nə yaxşı mexanizm yaradılıb, nə də rüşvətlə məşğul olanlara gözün üstə qaşın var deyən tapılır. Belə olmasaydı ünvanlı sosial yardımın baş qanqsteri Gülnarə Salahova hələ də sosial sahədə at oynatmazdı. Bu şəxs 2013-cü ilə kimi DSMF-nin Nəsimi rayon şöbəsində məsləhətçi vəzifəsində işləyib. Həmin işdən analıq məzuniyyətinə çıxıb. Səlim Müslümov nazir təyin olunduqdan sonra ünvanlı sosial yardımda rüşvətlə yaxşı pul qazanmaq imkanının olduğunu eşidən kimi məzuniyyətini yarımçıq qoyaraq Yasamal rayon ƏSMM-yə saxta yolla direktor müavini təyin olunub. Belə ki, əvvəlcə müqavilə ilə işləyib, sonra onun üçün ucqar Yardımlı rayonuna daxili müsahibə elan olunub və o həmin müsabihədən keçirildikdən sonra qanunsuz olaraq Yasamal rayon ƏSMM-yə rəsmiləşdirilib. Yasamalda işlədiyi dövrdə ünvanlı sosial yardımdan ona az pay çatdığını iddia edərək direktorla intriqaya başlamış və nazirə direktorun ona əl atdığını və əxlaqsız təklif etdiyini deməklə, direktoru şərləyərək işdən çıxarmağa nail olmuş və özü direktor təyin olunmuşdur. Direktor təyin olunan kimi ünvanlı sosial yardım sektorunda işləyən hər bir işçiyə aylıq 6 min manat plan qoyub. İşçilər bu planı yerinə yetirməyə çətinlik çəkəndə isə göstəriş verib ki, ünvanlı sosial yardım alan vətəndaşlardan yardım kartlarını alıb özündə saxlasınlar. 2 illiyə təyin olunan yardımların 8-9 ayını həmin kartlardan çıxardıqdan sonra vətəndaşlara qaytarsınlar. İşçilər kütləvi şəkildə bunu etməyə başlayıblar. Nəticədə vətəndaşlarda haqlı narazılıqlar yaranıb. Onlarla vətəndaş Nazirliyə şikayət edəndən sonra Nazirlikdən mərkəzə yoxlama göndərilib. Yoxlama bir neçə işçidə yardım kartı Gülnarə salahovadan isə işçilərin ona verəcəkləri 90 min manatlıq rüşvət siyahılarını aşkar edib. Bir neçə iş üzrə banklardan bankomat çıxarışları çıxarılıb və həmin çıxarışlarda işçilərin şəkilləri çıxıb. Məlum olub ki, vətəndaşlara məxsus yardım kartlarından mərkəzin işçiləri Gülnarənin təkidi ilə hər ay özləri yardımları çıxararaq Gülnarə ilə 80:20 nisbətində bölüblər. Həmin işçilərin hamısı işdən çıxarılıb. Gülnarəni isə nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev himayə etdiyindən Səlim Müslümovun ona gücü çatmayıb. Yalnız onun iş yeri dəyişdirilərək Yasamaldan Nəsimi ƏSMM-yə direktor göndərilib. Özünün bədnam əməllərini orada da davam etdirib. Hazırda DSMF-nin Nəsimi rayon şöbəsində müdir müavini vəzifəsində işləyir.
Gülnarədən çoxsaylı şikayətlərin olmasına baxmayaraq Səlim Müslümov nə onun əməllərinin qarşısını ala bilmir, nədə onu sistemdən kənarlaşdıra bilmir. Əjdər Cəbiyev var gücü ilə onu müdafiə edir. Ona da qəti şəkildə tapşırıb ki, heç yerdə mənim adamım olduğunu demə, de ki, Səlim Müslümovun kadırıyam. Baxın ortada Gülnarənin rəhbərliyi ilə qurulan korrupsiya şəbəkəsi kimi faktlı sübutlu böyük bir cinayət olduğu halda onu törədən nəinki cəzasını almır, əksinə vəzifədə əməllərini rahatca davam etdirir. Beləcə Gülnarə Salahova Səlim Müslümovun başabəla altıncı barmağına çevrilib: kəssən incidər, kəsməsən eybəcər görsənər.

Cavid Əliyev
Geri qayıt