Yeni Ədliyyə naziri hansı kriteriyalara cavab verməlidir? - AKTUAL

Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycan üçün yeni dövrün başlandığını bəyan etdi. Öldədaxili, regional və qlobal proseslərin təhlili göstərir ki, bundan sonra heç bir sahədə problemlərin dərinləşməsinə yol vermək olmaz. Əslində Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini zərgər dəqiqliyi ilə həyata keçirən nəhəng bir qurum kimi qanunlarının aliliyini təmin edən güclü, ədalətli və şəffaf bir qurum olmalıdır. Ədliyyə sistemində klassik problemlərin mövcud olması təkzibolunmaz faktdır və sağlamlaşdırma tədbirlərinin görülməsi üçün strateji yanaşmalar sərgilənməli, proqramlar işlənib həyata keçirilməlidir. Lakin bütün bunların da bu sahədəki neqativləri aradan qaldıracağına inanmaq çətindir.
Yeni dövrün tələbləri göstərir ki, yeni Ədliyyə naziri hər hansı klanı və yaxud iri ranqlı məmuru təmsil etməməli, hüquq sahəsində geniş vizyona sahib olmalı, prosesləri müqayisəli şəkildə təhlil etmək qabiliyyətinə sahib olmalı, ədliyyə sisteminin problemlərini dərindən bilməli, hüquq cameəsindən çıxmalı, müstəqil arbitr kimi xalqına, dövlətinə və prezidentinə xidmət etməlidir.
Sırf hüquq təhsilli olduğuna görə bu posta kimsə təyin ediləcəksə, deməli, heç bir nəticə gözləməyə dəyməz, o da digərləri kimi dəbə minmiş “yeni texnologiyaların tətbiqi” ilə məşğul olacaq və binalar tikəcək.
Ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının rəhbərliyindən uzaqlaşdırılsa da, amma hələ də bu istiqamətdə ciddi təsir mexanizmlərinə malikdir.
Məhkəmə qərarlarının icrası həlli mümkünsüz ən ağır problemlərdən biri kimi qalmaqdadır.
Notariat və qeydiyyat sistemində nəzərəçarpacaq işlər görülsə də, uzun illərdir bu sahə bir sıra məmurların şəxsi obyekti kimi onlara və ailə üzvlərinə xidmət etməkdədir.
Müəllif: Samir Feyruzov
Azsiyaset.az