“DİM-in test hazırlamaq səlahiyyəti ƏLİNDƏN ALINMALIDIR” - ÇAĞIRIŞ
- 6-09-2023, 14:50
- 576
Bundan əlavə ali məktəbə qəbul imtahanlarının sualları 11 illik tədris proqramı ilə kifayətlənmir.
Bu anormal sistemə nə vaxt son qoyulacaq? Niyə imtahan sualları 11 illik tədrislə kifayətlənməməlidir?
Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün repetitorluq dediyimiz kölgə təhsili ona görə ölkədə baş alıb gedir ki, Dövlət İmtahan Mərkəzinin test mexanizmi ümumtəhsil məktəblərinə inam və etimadı azaldır:
“Həmçinin, Azərbaycan gəncinin istədiyi ixtisas üzrə ali məktəbə qəbul olmaq şansını əlindən alır. O baxımdan repetitorluğun bu qədər geniş yayılması məhz Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. DİM-in özünün proqramı, dərslikləri və dəsti-xətti var. Bu dəsti-xətt elə formadadır ki, Azərbaycan gənci əlavə kursa və ya müəllim yanına getməsə DİM imtahana hazırlaşa bilmir.
Bu problemi aradan qaldırmaq üçün DİM-in test hazırlamaq səlahiyyəti əlindən alınmalıdır və DİM texniki bir quruma çevrilməlidir.
Test hazırlamaq Nazirlər Kabineti və ya Prezident Aparatı yanında xüsusi Testologiya İnstitutunda hazırlanmalıdır. Testlər şagirdlərin bu gün məktəbdə öyrəndikləri bilik və bacarıqlarına aid olmalıdır. Belə olarsa, repetitorluq minimuma endiriləcək və bu sahədə olan sosial ziddiyyətlər aradan qalxacaq”.