Azərbaycanın Şərqi Avropa dövlətləri ilə münasibətlərində Macarıstanın xüsusi yeri vardır

Cəmiyyət

 
Azərbaycan və Macarıstan arasında tarixi köklərə əsaslanan ikitərəfli əlaqələr hazırda məzmunca yeni mərhələyə qədəm qoyub. Budapeşt öz tarixi köklərinə hörmət əlaməti olaraq türk dövlətləri, o cümlədən Azərbaycanla münasibətlərin inkişafına xüsusi həssaslıqla yanaşır. Türk Dövlətləri Təşkilatı ilə yaxından əməkdaşlıq etməsi Avropa ölkəsinin çoxvektorlu xarici siyasətinin rasionallığından xəbər verir. Azərbaycan və Macarıstan bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunurlar və bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bütün bunlar iki ölkənin strateji tərəfdaşlığını əsaslandıran başlıca şərtlərdəndir.
Hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari münasibətlər mövcud olub. Tarixi dostluq münasibətləri bu gün də qorunub saxlanılmaqdadır. Macarıstanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması təsadüfi deyil. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla qısa müddət ərzində diplomatik münasibətlər quruldu. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Azərbaycanla dostluq qrupu var. BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf edir. Biz 44 günlük Vətən müharibəsi dövründə də Macarıstanın dəstəyini gördük. Macar şirkətləri ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərində iştiraka böyük maraq göstərirlər. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa olduqca mühüm önəm verir. Bu gün Azərbaycan Avropanın, o cümlədən Macarıstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Bütün bunlar Azərbaycanın Avropa bazarındakı maraqlarına tam cavab verir.
Azərbaycanla Macarıstan arasında siyasi əlaqələrin də səviyyəsi çox yüksəkdir. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda qurulan əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin əsas vektorlarındandır. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Macarıstan Hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində bu ölkədə Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərə təqaüd verilir. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, dövlətimizin başçısının Macarıstana səfəri iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq ruhunda inkişafında yeni mərhələ açacaq. 
Avqustun 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın Baş naziri Viktor Orban ilə birlikdə atletika üzrə dünya çempionatının finalını izləyiblər. Finalı izləyənlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç də olub. Göründüyü kimi, Macarıstan bu gün xarici siyasətini şaxələndirir və gücləndirir.
Macarıstanın Qafqaz regionu üzrə siyasətində Azərbaycan, ölkəmizin isə Şərqi Avropa dövlətləri ilə münasibətlərində Macarıstan xüsusi yer tutur. Prezident İlham Əliyevin Macarıstana səfəri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yaxın gələcəkdə məzmunca yeni müstəviyə keçən əlaqələrin müsbət dinamika və nəticələrinin şahidi olacağıq.

Metin Hüseynov  -  siyasi sərhçi, politoloq