Cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir
- 12-07-2023, 13:29
- 264
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə bir sıra mühüm məqamlarla yadda qaldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müşavirədə çıxışı ölkənin iqtisadi inkişafına qiymət vermək, beynəlxalq aləmdə əldə olunan nailiyyətləri dəyərləndirmək, eləcə də ölkə vətəndaşlarının rifahına göstərilən qayğı və diqqəti nəzərdən keçirmək baxımından çox dəyərlidir. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qeyd olunan məqamlar bir daha təsdiqlədi ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 6 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir.
Dövlət başçısı bildirib ki: “Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.”
Maliyyə vəziyyətimizin böyük dərəcədə yaxşılaşdığını bildirən Prezident İlham Əliyev bunun bir sıra səbəblərinə aydınlıq gətirmişdir. “İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq.
Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinəistiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.”
Manatın məzənnəsinin altı ildir ki sabit olduğunu bildirən dövlət başçısı bunun dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biriolduğunu vurğuladı. “Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.”
Ümumilikdə cənab Prezidentin 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər,sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.
Aysel Mənsimova - politoloq