"Komissya üzvlərinin qabağına o zəhərli sudan qoymaq lazım idi" - Hüquq müdafiəçisi
- 23-06-2023, 17:20
- 430
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki monitorinq qrupunun üzvləri bildirib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərləşdirilir. Nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.
Göründüyü kimi, komissiya gölün ətraf mühit üçün təhlükə törətmədiyini bildirib.
Bəs, bu rəy nə dərəcədə obyektivdir? Müstəqil ekspertlər bu barədə nə düşünür?
Xalqxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Bakupost.az -a açıqlamasında bildirib ki, hüquq müdafiəçisi olaraq həmin monitorinq qrupunun verdiyi rəyə etibar etmir.
Onun sözlərinə görə, araşdırma aparan komissyanın rəyi obyektiv deyil:
“2012-ci ildə biz Gədəbəyin Arıxdam kəndində oxşar hadisə ilə üzləşmişdik. Yerli əhalinin müraciəti ilə araşdırma apardıq və hüquqi yardım göstərdik. Sakinlərin şikayəti torpaqların əllərindən alınması və zavodda qızıl hasilatı zamanı çaya zəhərli maddələr axıdılması ilə bağlı idi. 2014-cu ilin fevral ayında 30-a yaxın qoyun həmin çaydan su içərək tələf olmuşdu. Qızıl hasilatı çox təhlükəlidir. Ümumiyyətlə, hasilat sənayesində fəaliyyət göstərən şirkətlər torpağa zərər vurur. Əraziyə gedən komissyanın ədalətli qərar verdiyini düşünmürəm. O göldə hər hansı problem olsa, nəinki kəndə, o qızıl sahiblərinə də problem yaranacaq. O qoyunlar tələf olan zaman biz həyəcan təbili çalmışıq. Əgər qoyunlar tələf olubsa, demək, bu suyun insana da zərəri var. Hətta, ziyanlı deyilsə də qoxuya görə əhali kompensasiya almalıdır. O əhali orda təhlükəli şəraitdə yaşayır".
Hüquqşünas qeyd edib ki, mütəmadi olaraq Söyüdlüdə monitorinqlər aparılmalı və həkim nəzarəti təşkil olunmalıdır:
"Komissya üzvlərinin hərəsinin qabağına bir stəkan o zəhərli sudan qoymaq lazım idi ki, zəhərli deyilsə, içsinlər. Bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib 5 dəqiqə stəkanda yoxlama aparıb məlumat verməklə həll olunmaz. "Sianidin yalnız iyi var" deyəndə onların başını o suya soxmaq lazım idi. Komissya gölün altını nə vaxt yoxladı? Kənarda dayanıb nə bilirlər ki, hazırda gölün dibində membranın vəziyyəti necədi? Bunu öyrənmək üçün müddət lazımdır. Bu, ciddi və diqqətli yoxlanmalıdır. Qaça-qaça sənəd yazmaqla olmaz. Mən demirəm ki, qızıl istehsalı dayandırılmalıdır. Ora xüsusi qrup və ekoloqlar getməli idi. Azərbaycanda güclü ekoloqlar var. Kənd sakinləri isə tələblərində haqlıdırlar, bu məsələ dərindən araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir. Bu problem belə qala bilməz. O polisləri ora ağzı-burnu bağlı nə üçün çağırmışdılar? Sianiddən qorxmuşdular? Qadınlara qarşı zorakılıq göstərən polislər, dinc əhalinin üstünə polis çağıran adamlar cəzalanmalıdır. Kənd sakinlərinin hüquqlarını müdafiə edərək beynəlxalq təşkilatlar qarşısında üzümü ağ etməliyik”.
Mirvari Qəhrəmanlı bildirib ki, hazırda sözügedən komissya zəhərli göl haqqında real və dəqiq məlumatı ölkə başçısına və lazımi qurumlara çatdırmaqdansa, əhalini yalançı çıxarmağa çalışır:
“Adicə analiz verirsən, nəticə müəyyən müddətə çıxır. Necə oldu ki, 5 dəqiqədə nümunə götürdülər, yoxladılar və qərar verdilər. Sabahısı gün bütün ərazi təhlükə ilə qarşı-qarşıya qalanda nə edəcəklər? Qeyri-hökümət təşkilatları niyə hesabatlar hazırlamır? Niyə oraya heç kimi buraxmırlar? Əmək Müfəttişliyi yəqin ki bir dəfə də olsun, o işçilərin işlədiyi şəraitə baxmayıb. Orda çalışan işçilər xəstəlik tapsa, elə biləcəklər Allahdan gələn xəstəlikdir”.