Azərbaycanda baş nazirin neçə müavini var?

Cəmiyyət

Azərbaycan Respublikasının Nazirlər Kabinetində bir neçə baş nazir müavini kürsüsü boşdur.

7 fevral 1991-ci ildə Nazirlər Kabinetinin təsis olunması haqqında qanun imzalanıb. Bu qanuna qədər ölkədə Azərbaycan SSR Nazirlər Soveti hökumət səlahiyyətlərini icra edirdi. 1991-ci ilin 22 may tarixində imzalanan qanuna əsasən, Nazirlər Kabinetinin üzvləri təsdiq edilib. Burada baş nazirin 2 birinci müavini, 3 müavini olmaqla, ümumilikdə 5 müavin vəzifələri yaradılıb. Daha sonra isə birinci müavinlərin sayı 1-ə endirilib.

22 oktyabr 2013-cü ildə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında baş nazirin 1 birinci müavini, 5 müavini olmaqla, ümumilikdə 6 müavin təyinatı gerçəkləşdirilib. 21 aprel 2018-ci ildə isə bu barədə yeni sərəncam qüvvəyə minib. Bu sərəncamda baş nazirə 1 birinci müavin, 3 müavin olmaqla, ümumilikdə 4 müavin təyin olunub.

Hazırda baş nazirin ümumilikdə 3 müavini var. Baş nazirin birinci müavini postunu Yaqub Eyyubov qoruyub. Baş nazir müavinləri isə Əli Əhmədov və Şahin Mustafayevdir. Nazirlər Kabinetində digər baş nazir müavini kürsüləri isə boş qalıb.