"Qaçqınkom" kimin "əmisioğludur"?.. - Bizim, yoxsa...
- 19-01-2021, 15:07
- 1 287
“Qaçqınkom”un hüquq şöbəsinin əməkdaşı onun adını hallandırdığına görə, vətəndaş məcburi köçkün əlili təqib edir və heç vaxt vəsiqə verilməyəcəyi ilə hədələyir. Bu isə Konstitusiyanın 57 -ci maddəsi ilə təsbit olunan əsas insan və vətəndaş hüquqları və azadlıqlarından sayılan müraciət etmək hüququna kobud qadağa deməkdir. “Qaçqınkom” məcburi köçkünlərin Konstitusiya ilə təsbit olunan hüquqlarını pozan məmurların davranışına hüquqi qiymət verilməsini təmin etmək əvəzinə, yeni-yeni pozuntulara yol verir. Bu günlərdə şikayətçi məcburi köçkünün Nazirlər Kabinetindən daxil olan müraciətini “Qaçqınkom” sədri yox, komitənin miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov anlaşılmaz dildə cavablandırıb. Halbuki, ali dövlət hakimiyyəti orqanlarından daxil olan müraciətlərə cavabı qurumun rəhbəri imzalamalıdır. Eyni zamanda, Sənan Hüseynov məcburi köçkünə iki aydan sonra göndərdiyi 20.11.2020 tarixli məktubla məlumat üçün bildirib ki, ..ƏDLİYYƏ NAZİRLİYİNİN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNDƏ QEYDİYYATDAN KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRƏ “MƏCBURİ KÖÇKÜN” STATUSU VƏ ONU TƏSDİQ EDƏN VƏSİQƏNİN VERİLMƏSİNƏ DAİR QAYDALAR”IN 4.1.6 bəndinin tələblərinə əsasən , VALİDEYNLƏRİNDƏN ATASI “MƏCBURİ KÖÇKÜN” STATUSUNA MALİK OLAN VƏ HƏR İKİ VALİDEYNİNİN QEYDİYYATI DAİMİ YAŞAYIŞ YERİ ÜZRƏ İŞĞAL OLUNMUŞ RAYON (ŞƏHƏR) OLAN AZƏRBAYCAN RESPUBLİKASININ ŞƏXSİYYƏT VƏSİQƏSİNİ ALMIŞ 16 YAŞLI UŞAQLARA MƏCBURİ KÖÇKÜN STATUSUNU TƏSDİQ EDƏN VƏSİQƏ VERİLİR.
Haqlı sual doğur :Bəs niyə 16 yaşı tamam olan, işğal rayonunda qeydiyyatda olan və ən əsası, MƏCBURİ KÖÇKÜN STATUSU DAŞIYAN İbrahimov Əfqan Elçin oğluna niyə vəsiqə verilmir? Sənan Hüseynov “məlumat üçün “ bildirsin , görək , Əfqan İbrahimov sözügedən Qaydaların 4.1.6 maddəsinin hansı tələbinə uyğun gəlmir ki, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilir ? Atası məcburi köçkün, qeydiyyatı işğal olunmuş rayon, statusu da 16 ildir məcburi köçkün. Niyə verilmir? Bu suala aydınlıq gətirilməlidir, yoxsa, qeydiyyat belə gəldi, status elə getdi. Belə cavablarla və məcburi köçkünlərə belə ilgi ilə yalnız və yalnız düşmənin “cəhənnəmə gedən gorbagor statusu” “dəyirmanı”na su tökmək “ olar.
Ümid edirik ki, “Qaçqınkom” sədri Rövşən Rzayev süni problemin çözülməsini nəzarətinə götürüb, “dəyirmanın bildiyini etməyinə” yol verməyəcək.
Məğrur Bədəlsoy
dia.az